Xəbər verdiyimiz kimi, bu gün Mirsaleh Seyidov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə bitirib.
1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.
2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı İstintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.
2009-cu ilin fevral ayından Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib.
2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.
2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
20 noyabr 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
21 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Göründüyü kimi, 49 yaşı yenicə tamam olan Mirsaleh Seyidov cəmi 3 il öncə vəzifəyə təyin olunmuşdu, həmçinin ona etiomad göstərilmiş və ədliyyə general-mayoru rütbəsi verilmişdi.
Onun yerinə təyin edilən Sahib Rzayev də 1977-ci il təvəllüdlüdür və M.Seyidovla eyni ixtisas sahibidir. Buna baxmayaraq, M.Seyidov birbaşa ədliyyə sistemində, istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində çalışan kadr idi. S.Rzayev isə fəaliyyətini 2023-cü ildən Ədliyyə Nazirliyində davam etdirib.
