90-cı illərin mədəni intibahı geri qayıda bilərmi? — Səhnəmizdə yeni təhlükəbackend

90-cı illərin mədəni intibahı geri qayıda bilərmi? — Səhnəmizdə yeni təhlükə

Son illər Azərbaycanda xarici ölkələrdən olan tanınmış müğənnilərin konsertlərinin təşkilinə maraq xeyli artıb. Böyük konsert salonlarında keçirilən bu tədbirlər həm təşkilatçılar, həm də biznes subyektləri üçün gəlirli sahələrdən birinə çevrilib. Bununla yanaşı, xarici ifaçılara artan tələbatın yerli musiqi və səhnə sənətinə təsiri də müzakirə olunur.

Bəs böyük konsert məkanlarında Azərbaycan tamaşalarının və yerli sənətçilərin çıxışlarının daha çox təşviq edilməsi milli mədəniyyətin inkişafına necə təsir göstərə bilər? 1990-cı illərdə müşahidə olunan mədəni canlanmanı yenidən yaşamaq mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı hesab edir ki, ötən əsrin ortalarından XXI əsrin əvvəllərinədək Azərbaycan mədəniyyətində müşahidə olunan intibahın eyni formada yenidən təkrarlanması real görünmür.

KƏRKİ VƏ QAZAXIN 3 KƏNDİ İLƏ BAĞLI HƏLLEDİCİ ANLAR – “AZƏRBAYCAN GERİ  ÇƏKİLMƏYƏCƏK!” Gündəm24.az

Onun sözlərinə görə, cəmiyyətin musiqi zövqünün sürətlə dəyişməsi və sosial şəbəkələrin geniş yayılması bu prosesə ciddi təsir göstərir:

“Cəmiyyətin musiqi zövqünün sürətlə dəyişməsi, müəyyən mənada, cəmiyyətin özünün transformasiyası əsas amillərdəndir. Sosial şəbəkələrin son illərdə çox aktivləşməsi də bu prosesdə mühüm rol oynayır. Lakin bu, xalq olaraq keçmişimizdən uzaqlaşmağımız və milli-mənəvi dəyərlərimizi arxa plana keçirməyimiz demək deyil.

Təəssüf ki, bu gün milli-mənəvi dəyərlərə zidd davranışları ilə seçilən, bayağı musiqini təbliğ edən bir qrup “müğənni” cəmiyyətdə daha çox diqqət görür. Nəticədə daha çox gəlir əldə etmək məqsədilə həm imkanlı şəxslər, həm biznes nümayəndələri, həm də aidiyyəti qurumlar bu tip ifaçıların konsertlərinin təşkilinə üstünlük verirlər. Xarici ifaçıların konsertlərinin çoxluq təşkil etməsi də müəyyən mənada bunun göstəricisidir”.

C.Abbaslı vurğulayıb ki, mövcud vəziyyəti yalnız xarici müğənnilərlə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, Azərbaycanda da bayağı musiqi ilə geniş auditoriya toplayan ifaçıların sayı az deyil:

“Bunu yalnız xaricdən gələn müğənnilərə aid etmək olmaz. Azərbaycanda da elə ifaçılar var ki, bayağı səsləri və repertuarları ilə demək olar ki, hər yeri zəbt ediblər. Hətta toy mərasimlərində belə onların üstünlük təşkil etməsi narahatedici mənzərədir.

Bununla belə, ölkəmizdə tanınmış və peşəkar Azərbaycan müğənnilərinin konsertləri də keçirilir. Belə tədbirlərdə zalların dolması göstərir ki, tamaşaçıların keyfiyyətli yerli musiqiyə marağı tamamilə itib. Sadəcə, milli musiqimizi və muğam sənətimizi təbliğ edən tədbirlərə marağın əvvəlki səviyyədə olmaması narahatlıq doğurur”.

Siyasi şərhçi hesab edir ki, milli mədəniyyətin qorunması və inkişafı istiqamətində aidiyyəti qurumların üzərinə ciddi məsuliyyət düşür.

“Mədəniyyət Nazirliyinin də bu məsələdə böyük məsuliyyəti var. Milli musiqinin, teatrın, muğamın və digər sənət sahələrinin daha geniş auditoriyaya çatdırılması üçün ciddi addımlar atılmalıdır. Böyük konsert salonlarında yerli sənətçilərin çıxışlarının, Azərbaycan tamaşalarının və milli musiqi nümunələrinin daha çox təşviqinə ehtiyac var.

Əgər biz milli mədəniyyətimizi qorumaq istəyiriksə, bunu yalnız keçmişin xatirəsi kimi deyil, müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməliyik. Bunun üçün həm dövlət qurumları, həm sənət adamları, həm də biznes nümayəndələri məsuliyyət daşıyırlar”, – deyə C.Abbaslı bildirib.

Beləliklə, xarici ifaçıların Azərbaycana dəvət olunması və onların konsertlərinə yüksək tələbatın yaranması mədəni müxtəliflik baxımından normal proses sayıla bilər. Lakin yerli sənətçilərin və milli musiqinin kommersiya maraqları fonunda kölgədə qalması ciddi suallar doğurur.

Əsas məsələ xarici musiqinin qarşısını almaq deyil. Problem Azərbaycan mədəniyyətinin müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi, yerli sənətçilərin daha geniş auditoriyaya çıxış imkanlarının artırılması və milli musiqinin kommersiya baxımından da rəqabətqabiliyyətli olması üçün şərait yaradılmasıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*