Xarici diplomların tanınması müddəti azaldılır – Avropa mütəxəssis “ovuna çıxır”backend

Xarici diplomların tanınması müddəti azaldılır - Avropa mütəxəssis "ovuna çıxır"

Avropa Komissiyası xarici diplomların Avropa İttifaqında tanınması müddətinin 14 aydan 4 aya qədər azaldılmasını təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yeni qanunvericilik təklifləri paketində bildirilir.

Üçüncü ölkələrdən olan mütəxəssislərin ixtisaslarının tanınması üzrə sadələşdirilmiş prosedurlar direktiv qüvvəyə mindikdən iki il sonra Aİ-nin bütün ölkələrində tətbiq olunmağa başlamalıdır. Təklif olunan tədbirlər əvvəlcə Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

Hazırda üçüncü ölkələrdə verilmiş diplomların tanınması prosedurları Aİ üzvü olan dövlətlərdə bir-birindən fərqlənir və orta hesabla 14 ay vaxt aparır. Avropa Komissiyası təhsil sənədlərinin tanınması üçün vahid rəqəmsal prosedurun yaradılmasını və müraciət şərtlərinin sadələşdirilməsini təklif edir.

Məsələn, ərizələr və onları müşayiət edən sənədlər Aİ-nin istənilən rəsmi dilində qəbul ediləcək. Bunun hesabına təsdiqlənmiş tərcümələrə çəkilən xərclərin azaldılması mümkün olacaq.

Bundan əlavə, həkim, ümumi profil üzrə tibb bacısı, stomatoloq, mama, baytar, əczaçı və memar diplomlarının Aİ-də təsdiqlənmiş təhsil proqramları əsasında verildiyi halda avtomatik tanınması təklif olunur.

Brüssel həmçinin üçüncü ölkə vətəndaşlarının, o cümlədən müvəqqəti müdafiə statusunda olan ukraynalıların əmək hüquqlarının müdafiəsini gücləndirmək istəyir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*