ABŞ vətəndaşı Derrel Şvolts Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz mitinqində vəhşicəsinə döyülüb.
KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə “Mtavari” telekanalı məlumat yayıb.
Derrel Şvolts bildirib ki, bir dostu ilə mitinqdə dayanıb baş verənləri lentə alarkən qəfildən hücuma məruz qalıb.
“Yadımda qalan budur. Məndən nə istədilər, bilmirəm. Biz, sadəcə, orada dayandıq və hər şeyi lentə aldıq, dünyaya yaydıq. Sabah əməliyyat olunmalıyam və sonra mümkün qədər tez Ştatlara qayıtmalıyam”.
Beyin hematoması yaranan amerikalı əlavə edib ki, artıq Gürcüstanda özünü təhlükəsiz hiss etmir. Məlum olub ki, D.Şolts ABŞ səfirliyi ilə əlaqə saxlayıb və bu insidentə reaksiya verilməsini tələb edib.
Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, televiziya süjetində adı çəkilən şəxslər adından ötən müddət ərzində qurumun ictimai təhlükəsizlik departamentinə yardım barədə heç bir bildiriş daxil olmayıb. “ABŞ vətəndaşı DİN tərəfindən saxlanılmayıb və müvəqqəti saxlama təcridxanasına köçürülməyib”.
DİN onu da qeyd edib ki, 4 aydır Gürcüstanda yaşayan ABŞ vətəndaşı D.Şolts tibbi yardım almaq üçün heç bir müraciət etməyib və o, heç bir tibb müəssisəsinə yerləşdirilməyib. Nazirlik əlavə edib ki, xəbər yayıldıqdan sonra ABŞ səfirliyi məlumat almaq üçün onlarla əlaqə saxlayıb.
Gürcü mediası nəzərə çatdırıb ki, son dövrdə, ən azı, üç ABŞ vətəndaşı Gürcüstanda polis zorakılığından şikayət edib. Onlardan biri turist, digəri ingilis dili müəllimi, ikili vətəndaşlığı olan şəxs isə hüquqşünasdır. Sonuncu şəxs 30 ildir Gürcüstanda yaşayır.
Hökumətyönlü “İmedi” telekanalı iddia edib ki, ABŞ vətəndaşlarının Tbilisidəki mitinqində peyda olmaları təsadüfi deyil. Bu şəxslər, Gürcüstan hakimiyyətinin iddia etdiyi kimi, gürcü hökumətini devirmək üçün inqilab hazırlamaqda ittiham olunan Amerika təşkilatları və fondları ilə bağlıdırlar.
Xatirə SADİQ,
KONKRET.az
