“Keçən il vaqonlarda qaynar su problemi ilə bağlı sizə şikayət etmişdim. O zaman mənə bildirdiniz ki, problem həll olunub və növbəti səfərlərdə vaqonlarda qaynar su olacaq. Hanı?”
KONKRET.az xəbər verir ki, bu barədə Akulova Aleksandra adlı vətəndaş “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) ünvanladığı şikayətində bildirib.
O, qeyd edib ki, verilən vədlərdən bir il keçməsinə baxmayaraq vaqonlarda şərait hələ də dəyişməyib: “Hazırda Bakı-Balakən 64 qatarının 4-cü vaqonunda Şəkiyə gedirəm. Qəhvə hazırlamaq üçün qaynar su istədim, lakin mənə bildirildi ki, qaynar su yoxdur və olmayacaq. İndi sizə sualım var: əgər vəziyyət dəyişməyibsə, niyə mənə “gələn dəfə qaynar su olacaq” deyildi? Deməli, sərnişinə sadəcə boş vəd verilib”.
Onun sözlərinə görə, qurumun əlaqə vasitələri də tamamilə yararsız vəziyyətdədir: “Üstəlik, göstərilən nömrəyə zəng çatmır, WhatsApp isə işləmir. Bu münasibət sərnişinlərə qarşı hörmətsizlikdir. Sırf mənə yanlış məlumat verildiyi üçün məsələ ilə bağlı yenidən rəsmi şikayət edəcəyəm. Mən sadəcə uzun yol gedərkən isti qəhvə içirəm. Bakıya qayıdandan sonra rəsmi qaydada şikayət edəcəyəm. Bunu sırf yalan danışdığınız üçün edəcəyəm”.
Natiq Səlim,
KONKRET.az
