Dünyada hər il köpək balıqları təxminən on adamı öldürür, bir milyona qədər insan isə xəstəlik daşıyıcı ağcaqanadların dişləməsindən həyatını itirir.
KONKRET.az xəbər verir ki, bu barədə yerli mediaya Moskva Dövlət Universitetinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov deyib.
Mütəxəssis qeyd edib ki, köpək balıqlarının insanlara hücumu son dərəcə nadir hadisədir.
“Begemotun hücumundan ildə 500 nəfərdən 3 min nəfərə qədər, zərərsiz sayılan maralların avtomobillərlə toqquşması nəticəsində yüzdən çox insan ölür. Xəstəlik daşıyan ağcaqanadlardan isə ildə bir milyona qədər insan həyatını itirir”, – deyə okeanoloq bildirib.
Qeyd edək ki, Misirin məşhur Xurqada kurort şəhərinin çimərliyində köpəkbalığı kişiyə hücum edib. Faciənin baş verdiyi çimərlik “Dream Beach Hotel”ə məxsusdur. Ölən şəxs 23 yaşlı Rusiya vətəndaşıdır.
İqbal Rzayev,
KONKRET.az
