Yay aylarında havaların kəskin istiləşməsi ilə günvurma halları artır. Bununla yanaşı, bəzi virus infeksiyaları da eyni dövrdə müşahidə olunduğundan insanlar yüksək hərarət, halsızlıq, baş ağrısı və tərləmə kimi əlamətlərin günvurmadan, yoxsa qripdən qaynaqlandığını müəyyən etməkdə çətinlik çəkirlər.
Bəs bu iki vəziyyəti simptomlara əsasən ayırd etmək mümkündürmü?
KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, istər günvurma, istərsə də qrip əlamətləri müşahidə olunan şəxslər mütləq həkimə müraciət etməlidirlər.

Onun sözlərinə görə, qrip virusu orqanizmə daxil olduğu ilk mərhələdə adətən özünü büruzə vermir:
“Virus orqanizmə düşəndə insan bunu hiss etmir. Yalnız müəyyən müddətdən sonra bakterial infeksiya qoşulduqda yüksək hərarət, baş ağrısı, tərləmə və digər şikayətlər meydana çıxır. İnsan da məhz həmin vaxt xəstə olduğunu anlayır.”
Həkim qeyd edib ki, bu hal COVID-19 pandemiyası dövründə də müşahidə olunurdu. Belə ki, virusun inkubasiya dövründə xəstədə heç bir ciddi əlamət olmur, yalnız sonradan bakterial infeksiya inkişaf etdikdə klinik əlamətlər özünü göstərir.
“Bəzi hallarda iy və dadbilmənin itməsi kimi yüngül simptomlar müşahidə olunsa da, insanlar buna əhəmiyyət vermirlər. Daha ağır əlamətlər yarandıqdan sonra həkimə müraciət edirlər”, – deyə terapevt vurğulayıb.
R.Bağırovun sözlərinə görə, virusların böyük əksəriyyəti ilkin mərhələdə gizli gedişata malik olur və yalnız orqanizmdə ciddi dəyişikliklər yaratdıqdan sonra aşkarlanır.
Həkim bildirib ki, günvurma ilə qripi yalnız simptomlara əsasən bir-birindən dəqiq ayırmaq mümkün deyil:
“Hər iki halda hərarət, baş ağrısı, halsızlıq və tərləmə ola bilər. Günvurması zamanı bəzi xəstələrin sifətində qızartı müşahidə edilir, arterial təzyiq yüksəlir. Bu zaman günvurmadan şübhələnirik.
İlk baxışdan bu iki vəziyyəti bir-birindən 100 faiz fərqləndirmək mümkün deyil. Dəqiq diaqnoz yalnız müayinə və analizlərin nəticəsinə əsasən qoyulur.”
Aynurə İsmayıl
KONKRET.az
