Avropa İttifaqı mövcud geosiyasi vəziyyət və iqlim dəyişiklikləri fonunda Arktikadakı buzqıran gəmilərinin donanmasını genişləndirməlidir.
KONKRET.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Arktika Sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Mövcud geosiyasi vəziyyəti və dəniz yollarını açan iqlim dəyişikliklərini nəzərə alaraq, bizə daha çox buzqıran gəmi lazımdır”, – deyə Kallas vurğulayıb.
O qeyd edib ki, Finlandiyanın bu cür gəmilərin tikintisi sahəsində təcrübəsi var. Bununla belə, Aİ buzqıran gəmilərin alınması üçün ən sərfəli təchizatçıya müraciət edəcək.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl NATO-nun Arktikadakı fəaliyyətinin Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığını bildirmişdi.
O, Rusiyanın NATO ölkələrinin hərəkətlərini izlədiyini və yaranan təhdidləri azaltmaq və aradan qaldırmaq üçün bütün hərbi-texniki vasitələrdən istifadə etməyə hazır olduğunu vurğulamışdı.
Ağagül Mürsəlov,
KONKRET.az
