Allahın bizə yazığı gəlir – İndi yalan-palanla dolu hesabatlar hazırlanacaqbackend

Allahın bizə yazığı gəlir - İndi yalan-palanla dolu hesabatlar hazırlanacaq

Surxay Atakişiyev

Nəhayət, bütün ölkəyə və ən başlıcası Abşeron yarımadasına qar yağdı. Qar ruzi-bərəkətdir, ekoloji təmizlikdir. Torpağ üstündə 24 saat qarın qalması məhsuldarlığı ən azı iki dəfə artırır. Qar qurumuş çaylara can verir. Əkini-biçini, xüsusilə də ağacları canlandırır.

Amma qar özü ilə bizə N qədər problem gətirir. Çünki ölkənin müvafiq srukturları anomal hava şəraitinə heç zaman hazır olmayıb. Qaz, işıq və su sistemlərində hazırda ciddi problemlər yaranıb. Hələ avtomobil yollarını demirəm. Hazırda nəinki dağlıq ərazilərdə, elə düzənlik ərazilərdə də avtomobillərin hərəkəti iflic olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, paytaxtda onlarla avtoqəza baş verib. Hətta insan itkisi də var.

Belə ki, Bakının Yasamal rayonunda ağır avtomobil qəzası baş verib. Hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb. “NAZ” markalı avtomobili idarə edən sürücü 1987-ci il təvəllüdlü Hacıyev Orxan Zahir oğlu yolun buzlu olması səbəbindən avtomobilə nəzarəti itirib. Maşın dərəyə aşaraq bir neçə hissəyə bölünüb. Sürücü hadisə yerindəcə ölüb.

Bakı-Sumqayıt yolunda hərəkət tamamilə təhlükəli hal alıb. Yolun qarla və buz örtüyü ilə bağlanması nəqliyyatın hərəkətini iflic edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli strukturları yollara texnika çıxarsa da, bu, kifayət etmir. Xeyli sayda avto qəza baş verib. Xeyli sayda avtomobil yolda qalıb. Bakı şəhərində isə vəziyyət daha ciddidir. Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti maşın və mexanizmləri ancaq mərkəzi küçələrə çıxarıb. Hazırda paytaxtın Parlament, Neftçilər, Zərifə Əliyeva və Heydər Əliyev prospektlərində qartəmizləyən texnikalara rast gəlmək olur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bəzi strukturları isə Hava Limanı istiqamətində və Bakı dairəvi yolda yolların açılmasıyla məşğuldurlar. Qalan küçə və prospektlərdə isə nəqliyyatın hərəkəti demək olar ki, dayanıb.

Vəziyyəti ətraflı öyrənmək məqsədi ilə AAYD-nın rəsmi saytında axtarış apardım. Bəlli oldu ki, sayta ən son məlumat fevralın 22-də yerləşdirilib. Onun da gözlənilən çovğunla heç bir əlaqəsi yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında isə ən son məlumat fevralın 21-də yerləşdirilib. Məlumatda deyilir ki, “Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrasına paytaxtın Nərimanov rayonundan sonra Nizami rayonunda start verilib”.

Yəni pul silmək üçün başladılan növbəti layihə təşviq olunur. Və ən nəhayət, DİN Baş Dövlət Yol Polisinin rəsmi saytına boylandım. Hə, nəhayət burda axtardığımızı tapdıq. Baş İdarə dünən sürücü və vətəndaşlara müraciət edib. Müraciətdə deyilir ki, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Azərbaycanın rayonlarında və paytaxt Bakıda bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı bildirilmişdir. Bunları nəzərə alaraq, sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər.

Piyadalar da yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük versinlər və binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər. Eyni zamanda güclü küləkli hava şəraitində nəqliyyat vasitələrinin hündür mərtəbəli binaların yaxınlığında, eyvanların altında saxlanılması və aşmağa meyilli ağacların ətrafında park edilməsi də təhlükəlidir”.

İnsafən, yollarda hazırda daha çox rast gəlinən DYP avtomobilləridir. Onların da ki, əllərindən nə gəlir ki…  İndi əsas yük düşür AAYDA, şəhər və rayon icra hakimiyyətlərinin üzərinə. Onlarsa yolların təmizlənməsindən daha çox mənimsəyəcəkləri büdcə vəsaitlərinin hesabatını aparır. İndi yalan-palanla dolu hesabatlar hazırlanacaq ki, yolların, səkilərin və binaların giriş qapılarının təmizlənməsi üçün neçə min ton qum, neçə yüz ton texniki duz və riogen sərf edilib. Və xalqın problemlərindən, dərd-sərlərindən özləri üçün daha bir qazanc fürsəti əldə edən bəzi məmurlar sərvətlərinə yeni sərvət qatacaqlar.

Bəlkə buna görə Allahın bizə yazığı gəlir, 3 ildən bir qar yağdırır. Yoxsa əl-ayaqda batıb gedərdik.

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*