Xocalı hadisələri dövründə atamın davranışları bizim yaddaşımızda qalıb. Bakıya gedəndə bizim paltarlarımızdan, uşaq əşyalarımızdan götürərdi və əsirlikdən geri qaytarılmış uşaqlara aparardı.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qızı Zümrüd Bağırova EDnyus-a geniş müsahibəsində deyib.
O, atası ilə bağlı xatirələrindən danışıb:
“Bir dəfə əsirlikdən çıxarılan balaca oğlan uşağı ilə bağlı evdə söhbət olmuşdu. Uşağın valideynləri tapılmamışdı. Atam hətta demişdi ki, əgər yaxınları tapılmasa, bizdə qalar, bizim ailənin bir üzvü kimi böyüyər. Sonradan məlum oldu ki, qohumları tapılıb və uşağı aparıblar. Bu hadisə mənim üçün atamın necə insan olduğunun ən böyük göstəricilərindən biridir”.
Zümrüd Bağırova əsirlər məsələsinin atası üçün ağır mövzu olduğunu bildirib:
“Bəzən evdə danışırdı ki, əsirlikdən qayıdan insanların vəziyyəti çox ağır olurdu. Xüsusilə qadınlar və qızlarla bağlı hadisələr onu sarsıdırdı. Deyirdi ki, bəzən insanlar o qədər ağır vəziyyətə salınırdı ki, onların ailəyə qaytarılması prosesi belə çox həssas yanaşma tələb edirdi. Atam bu insanların ləyaqətinin qorunmasına xüsusi diqqət göstərirdi. Bu gün bəzən kənardan baxıb asan mühakimə edənlər olur. Amma həmin dövrün ağırlığını yaşayanlar vəziyyətin necə çətin olduğunu bilir”.
O, həmçinin atası və Vitali Balasanyanla bağlı səslənən fikirlərə aydınlıq gətirib:
“Bu mövzu ailə olaraq bizi həmişə narahat edib. Açıq şəkildə demək istəyirəm ki, atam heç vaxt Vitali ilə dost olmayıb. İnsanlar əsir dəyişdirilməsi prosesini şəxsi münasibətlə qarışdırırlar. Atamın məqsədi yalnız insanları sağ qaytarmaq idi. Bizə ağır gələn odur ki, bəzən onun qəhrəmanlıqları, gördüyü böyük işlər yox, məhz bu mövzular qabardılır. Halbuki o, şəhid olandan sonra həmin fəaliyyəti davam etdirən çox az adam oldu”.
Qeyd edək ki, bu gün, iyunun 12-də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olmasından 34 il ötür.
