Almaniyada görünməmiş MƏHKƏMƏ – 425 MİN SƏHİFƏLİ İŞbackend

Almaniyada görünməmiş MƏHKƏMƏ - 425 MİN SƏHİFƏLİ İŞ

Almaniya 2022-ci ildə ələ keçirdiyi “Almaniya imperiyasının vətəndaşları” terror təşkilatının liderlərini mühakimə edir.

KONKRET.az xəbər verir ki, 2022-ci ilin dekabrında Almaniyada dövlət çevrilişi planlaşdırdıqları və terror təşkilatına üzv olduqları iddiası ilə keçirilən əməliyyatda yaxalanan “Almaniya imperiyasının vətəndaşları” təşkilatının rəhbərlərinin məhkəməsi davam edir.

Frankfurt Ali Regional Məhkəməsində baş tutan ilk iclasda aralarında özlərini “Alman İmperiyasının vətəndaşları” (Reichsbürger) kimi təqdim edən və təşkilatın rəhbəri olduğu iddia edilən Şahzadə Haynrix Reuss da daxil olmaqla 9 müttəhim hakim qarşısına çıxıb. Federal Prokurorluq iddia edir ki, bu insanlar azad demokratik əsas nizamı rədd edir və zorakılıq yolu ilə ölkə rəhbərliyini devirməyi planlaşdırır və Şahzadə Reussun müvəqqəti prezident olmasını istəyirlər. Həmçinin şübhəlilərin Rusiyadan kömək umduğu və Şahzadə Reussun Rusiyadan planlaşdırılan çevrilişdə ona silahlı dəstək verməsini xahiş edən məktub yazdığı, lakin bu məktubun Vladimir Putinə çatdırılmadığı iddia edilir.

Məhkəmədə müttəhimlər arasında xaricilərə və müsəlmanlara qarşı sərt mövqeyi ilə seçilən Almaniya üçün Alternativ Partiyasından (AfD) keçmiş Bundestaq deputatı və keçmiş hakim Birgit Malsak-Vinkemann da var. Vinkemann müxtəlif əmlakların araşdırılmasına imkan verən üç qrup üzvünə Bundestaqın giriş hüquqlarını sızdırmaqda şübhəli bilinir.

Mühakimə olunan digər şəxs Almaniya Silahlı Qüvvələrinin keçmiş zabiti Maksimilian E-nin də təşkilatın yaradıcılarından biri olduğu iddia edilir. Frankfurt Ali Regional Məhkəməsində dinləmələrin 2025-ci il yanvarın ortalarına qədər başa çatdırılması planlaşdırılır. 26 müttəhimdən 9-nun məhkəməsi aprelin 29-da Ştutqartda, sonuncu səkkiz müttəhimin məhkəməsi isə iyunun 18-də Münhendə başlayacaq. Təşkilatın 10 lideri arasında olan 73 yaşlı Norbert G. bu ilin martında vəfat edib. Ölümün səbəbi kimi ağır xəstəlik göstərilib.

 

425 MİN SƏHİFƏLİ İŞ

Faylı 425 min səhifədən ibarət olan iş Federal Respublika tarixində dövlət təhlükəsizliyi ilə bağlı ən böyük işdir. Daxili kəşfiyyat hesabatına görə, özünü “Alman İmperiyasının vətəndaşları” hesab edənlərin sayı 23 min civarındadır. Onun 2100 üzvü zorakılıq tətbiq etməyə hazırdır və Almaniyanı legitim dövlət kimi tanımır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*