“Arzum” işi: Şahid hadisəni “TikTok”da yayımlayıbbackend

"Arzum" işi: Şahid hadisəni "TikTok"da yayımlayıb

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilmiş prosesdə ittiham aktı elan olunub.

İttihama görə, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonunun Mərdəkan–Qala avtomobil yolunda qeydə alınıb.

Belə ki, İlduzə Hacıyeva həmin gecə 00:53 radələrində “Star lizinq” MMC ilə bağladığı avtomobil icarəsi müqaviləsi əsasında idarə etdiyi “Changan Qiyuan A05 Plug-in Hybrid” markalı nəqliyyat vasitəsi ilə Qala istiqamətində hərəkətdə olub.

İstintaq müəyyən edib ki, sürücü “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əməl etməyərək hərəkət şəraitini düzgün qiymətləndirməyib, yol nişanlarının tələblərini nəzərə almadan sola dönmə manevri edib və qarşıdakı vəziyyətə tam nəzarət etmədən əks hərəkət zolağına çıxıb. Bu zaman onunla eyni istiqamətdə hərəkət edən və ötmə əməliyyatı aparan Amal Məlikovun idarə etdiyi “Mercedes-Benz D2” markalı avtomobil artıq təhlükəli məsafəyə yaxınlaşmış vəziyyətdə olub.

Araşdırma zamanı müəyyən edilib ki, “Changan” markalı avtomobil sürəti azaltmadan və ötmə əməliyyatının başa çatmasını gözləmədən dönmə hərəkətini davam etdirib. Nəticədə avtomobil “Mercedes”in arxa hissəsinə toxunaraq onun idarəetmədən çıxmasına səbəb olub. Toqquşmadan sonra “Mercedes” yolun kənarındakı beton maneəyə çırpılıb.

Qəza nəticəsində “Mercedes-Benz” avtomobilinin sürücüsü Amal Məlikov çoxsaylı ağır bədən xəsarətləri alıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onda baş beynin ağır əzilməsi, kəllə sümüklərinin sınıqları, beyin toxumasına və beyin qişalarına geniş qansızmalar qeydə alınıb. Alınmış xəsarətlər onun hadisə yerində həyatını itirməsinə səbəb olub.

Qəza zamanı avtomobildə olan sərnişin Sənubər Muradova da ağır xəsarətlər alıb.

Ekspertiza onun baş-beyin travması, epidural hematoma, çoxsaylı qabırğa və körpücük sümüyü sınıqları, qaraciyər və dalağın cırılması, daxili qanaxma, dalağın çıxarılması (splenektomiya) və digər həyati təhlükəli xəsarətlər aldığını müəyyən edib.

Ekspertlər həmin xəsarətləri sağlamlığa ağır zərər kimi qiymətləndiriblər.

Cinayət işi materiallarında göstərilir ki, qəzadan sonra təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarına məlumat verməyib. O, nə polis əməkdaşlarının gəlməsini gözləyib, nə də zərərçəkmişlərə yardım göstərib. İlduzə Hacıyeva idarə etdiyi avtomobillə hadisə yerini tərk edib.

Sonradan o, bağ evinə gedərək baqajını götürüb və əvvəlcədən aldığı bilet əsasında Almaniyaya yollanıb.

Məhkəmədə ifadə verən İlduzə Hacıyeva özünü təqsirli bilməyib.

O deyib ki, həmin gecə qızı və tanışı ilə birlikdə Qala yolunda hərəkətdə olarkən dönmə siqnalını əvvəlcədən verib və təxminən 60-70 km/saat sürətlə hərəkət edib. Avtomobili döndərərkən qəfil zərbə hiss edib.

Təqsirləndirilən şəxs iddia edib ki, arxadan gələn avtomobili görməyib və onun idarə etdiyi maşın digər nəqliyyat vasitəsinə toxunmayıb.

İlduzə Hacıyeva hadisədən sonra xəstəxanaya aparıldığını, daha sonra isə əvvəlcədən planlaşdırdığı uçuşla Almaniyaya getdiyini bildirib.

O əlavə edib ki, sosial şəbəkələrdə tanınmış şəxs olduğu üçün hadisədən sonra çoxsaylı hədə-qorxu mesajları alıb. Buna görə də Almaniyada olarkən istintaq orqanı ilə əlaqə saxlayaraq iş üzrə statusunu öyrəndiyini, ardınca çağırış aldıqdan sonra könüllü şəkildə Azərbaycana qayıdaraq ifadə verdiyini deyib.

Son sözündə isə himayəsində dörd azyaşlı övladının olduğunu, onlardan birinin autizm xəstəsi olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini istəyib.

Həlak olan sürücünün hüquqi varisi məhkəmədə bildirib ki, hadisədən yalnız səhər saatlarında xəbər tutub. Onun sözlərinə görə, təqsirləndirilən şəxs nə hadisədən sonra ailə ilə əlaqə saxlayıb, nə də barışıq təşəbbüsü göstərib.

Hüquqi varis məhkəmədən onun qanunla nəzərdə tutulan ən ağır cəzaya məhkum edilməsini xahiş edib.

Qəza nəticəsində ağır xəsarət alan sərnişin Sənubər Muradova da məhkəmədə ifadə verib. O bildirib ki, hadisədən əvvəl “Mercedes” avtomobili qarşıdakı nəqliyyat vasitəsindən yol istəyib, sürücü bunun üçün işıq siqnalı verib. Lakin qarşıdakı avtomobil yol vermək əvəzinə qəfil sola dönərək onların hərəkət istiqamətinə çıxıb.

Zərərçəkmiş deyib ki, toqquşmadan sonrakı hadisələri xatırlamır. O, qəza nəticəsində ağır xəsarətlər aldığını, eşitmə qabiliyyətini itirdiyini qeyd edib.

Sənubər Muradova da İlduzə Hacıyeva ilə barışmadığını və onun cəzalandırılmasını istədiyini deyib.

Məhkəmədə dindirilən şahidlərdən biri bildirib ki, hadisə baş verən zaman avtomobildə “TikTok” platformasında canlı yayım aparırmış.

Onun sözlərinə görə, arxadan yüksək sürətlə gələn avtomobilin hərəkətini tam müşahidə edə bilməyib.

Şahid bildirib ki, qəzadan sonra dərhal təcili tibbi yardım çağırıb, daha sonra yaxınlıqdakı şəxslərin köməyi ilə yaralıları xəstəxanaya çatdırıblar.Onun ifadəsinə görə, hadisədən sonra təqsirləndirilən şəxsin əvvəlcədən planlaşdırdığı xarici səfər səbəbindən bağ evinə gedilərək baqajı götürülüb və daha sonra hava limanına yollanıblar.

Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə İlduzə Hacıyevanın iştirakı ilə şahid qismində onun qızı da dindirilib.

Şahid deyib ki, hadisə baş verən gecə onlar evə qayıdaraq əvvəlcədən planlaşdırılmış xarici səfər üçün baqajlarını götürmək və daha sonra hava limanına yollanmaq niyyətində olublar.Onun sözlərinə görə, anası avtomobillə hərəkət edərkən sola dönmək üçün əvvəlcədən dönmə işığını yandırıb və manevr etməyə başlayıb. Bu zaman arxadan gələn avtomobil onların yanından keçərək yol kənarındakı daşlara çırpılıb.

Şahid deyib ki, hadisədən dərhal sonra anası avtomobildən düşərək güclü həyəcan keçirib, diz üstə çöküb və titrəməyə başlayıb. Bir neçə nəfər hadisə yerinə yaxınlaşaraq onlara kömək edib və su verib.

Qızın ifadəsinə görə, onlar hadisə yerindən ayrılarkən polis əməkdaşları artıq yeni gəlirdilər. Daha sonra tanımadığı bir şəxs onları xəstəxanaya aparıb. Təxminən bir saatdan artıq xəstəxanada qaldıqdan sonra hava limanına yollanıblar.

Şahid əlavə edib ki, hava limanına gedərkən yenidən qəzanın baş verdiyi ərazidən keçiblər. Həmin vaxt hadisə yerində artıq heç kimin olmadığını gördüklərini bildirib.

Məhkəmə araşdırması zamanı zərərçəkmişlərin, şahidlərin ifadələri, məhkəmə-tibbi və avtotexniki ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları birlikdə qiymətləndirilərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozmaqla ölümə səbəb olma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmiş hesab edilib.

Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş çoxsaylı ekspertiza rəyləri, videomüşahidə görüntüləri və digər sübutlar da tədqiq olunub.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi Mərkəzinin rəyinə əsasən, qəza nəticəsində həyatını itirən Amal Məlikovun aldığı çoxsaylı ağır kəllə-beyin travmaları, baş beynin əzilməsi, kəllə sümüklərinin sınıqları və digər xəsarətlər hərəkətdə olan avtomobilin salonunun sərt hissələrinə dəyərək əmələ gəlib. Ekspertiza həmin xəsarətlərin həyat üçün təhlükəli olduğunu və zərərçəkmişin ölümünün məhz yol-nəqliyyat hadisəsi zamanı aldığı travmalar nəticəsində baş verdiyini müəyyən edib. Həmçinin mərhumun qanında alkoqol, narkotik və ya güclü təsiredici maddələrin izinə rast gəlinmədiyi bildirilib.

Digər məhkəmə-tibbi ekspertiza rəyində isə sağ qalan sərnişin Sənubər Muradovanın aldığı xəsarətlərin – baş-beyin əzilməsi, kəllə sümüklərinin sınıqları, qabırğa və körpücük sümüklərinin sınıqları, qaraciyər və dalağın cırılması, daxili qanaxma və digər ağır travmaların həmin yol-nəqliyyat hadisəsi nəticəsində yarandığı, bu xəsarətlərin həyat üçün təhlükəli ağır bədən xəsarətləri hesab edildiyi göstərilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nəqliyyat-trasoloji ekspertizası zamanı hər iki avtomobil üzərində aparılan tədqiqat nəticəsində “Mercedes-Benz” markalı avtomobildə aşkar edilmiş ağ rəngli lak-boya hissəciklərinin “Changan” markalı avtomobilin boya örtüyü ilə uyğunluq təşkil etdiyi müəyyən olunub. Bununla yanaşı, ekspertlər “Changan” markalı avtomobilin ön hissəsində sonradan təmir və rəngləmə işləri aparıldığını da müəyyən ediblər. Bu səbəbdən avtomobillərin toqquşmasının mexanizmini yalnız texniki baxımdan tam dəqiqliklə müəyyən etmək mümkün olmayıb.

Yol-nəqliyyat hadisəsi üzrə keçirilmiş digər ekspertiza isə sürücülərin hərəkətlərini ayrıca qiymətləndirib. Rəyə görə, “Changan” markalı avtomobili idarə edən təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələblərini pozub və həmin qaydalara əməl etsəydi, qəzanın qarşısını almaq üçün texniki imkanı mövcud olub. Ekspertiza eyni zamanda “Mercedes Benz”in sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olub, Amal Məlikovun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub.

Məhkəmədə təhlükəsizlik kamerasından əldə olunmuş videogörüntülər də nümayiş etdirilib. Həmin görüntülərdən müəyyən olunub ki, “Changan” markalı avtomobil sola dönmə manevri edərək əks hərəkət zolağına çıxıb. Elə həmin anda ötmə əməliyyatı həyata keçirən “Mercedes-Benz” markalı avtomobil onun yanından keçərkən avtomobillər arasında təmas baş verib. Zərbədən sonra “Mercedes-Benz” markalı avtomobil idarəetməni itirərək yolun kənarına çıxıb və maneələrə çırpılıb.

Videogörüntülərin təhlili zamanı ekspertlər müəyyən ediblər ki, “Mercedes-Benz” markalı avtomobil təhlükəsizlik kamerasının görüntü sahəsinə daxil olduğu andan toqquşma anınadək olan məsafəni təxminən bir saniyəyə, “Changan” markalı avtomobil isə dönmə manevrinə başladığı andan toqquşmaya qədər olan məsafəni təxminən bir yarım saniyəyə qət edib.

Bundan başqa, məhkəmədə təqsirləndirilən şəxsin pasport məlumatları da tədqiq olunub. Sənədlərdən onun müxtəlif tarixlərdə Azərbaycan Respublikasına daxil olub ölkəni tərk etdiyi, hadisədən sonra da xarici ölkəyə səfər etdiyi müəyyən edilib.

Hökmə əsasən, “Arzum” cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib. Məhkəmə hökm çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərərçəkmiş tərəflə barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib.

Qərardan narazı qalan İlduzə Hacıyeva apellyasiya şikayəti verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*