1614-cü ilin iyulunda, Moskva hələ Böyük Qarışıqlıq dövrünün (Smuta) qanlı hadisələrindən tam qurtulmamış, Romanovlar sülaləsi isə taxt-tacda mövqelərini möhkəmləndirməyə çalışarkən, Serpuxov darvazalarının yaxınlığında tarixə qara hərflərlə düşən dəhşətli hadisə baş verdi.
Cəmi üç yaşı olan İvan Dmitriyeviç adlı körpə ictimaiyyət qarşısında dar ağacından asıldı. Rəsmi sənədlərdə onun adı bəzən “İvaşka”, bəzən də “Voryonok” (Oğru balası) kimi qeyd edilirdi.
Bu uşaq Marina Mnişeklə tarixə “Tuşino oğrusu” adı ilə düşmüş şəxsin oğlu idi. Həmin şəxs tarixdə Yalançı Dmitri II kimi tanınırdı. Bəzi tərəfdarları isə onu çaroviç Dmitri İvanoviç hesab edirdilər.
Təbii ki, üç yaşlı İvan bunların heç birini anlaya bilməzdi. O, hələ heç bir günah işlətməyə macal tapmamışdı. Əgər yanlış zamanda, yanlış valideynlərdən dünyaya gəlməyi günah hesab etməsək…
Lakin məhz onun mənşəyi ölüm hökmünə səbəb oldu. Çünki uşaq sağ qaldığı müddətdə onun adı ətrafında yeni siyasi qüvvələr birləşə, kazaklar, polyaklar və Romanovların hakimiyyətini legitim saymayan digər qüvvələr ondan taxt-taca iddiaçı kimi istifadə edə bilərdilər.
Çar Mixail Fyodoroviçin hökuməti bu ehtimalı aradan qaldırmaq qərarına gəldi.
İvan Zarutski qazığa oturduldu. Marina Mnişek həbs edildi. Rəsmi və diplomatik mənbələrdə onun sonradan həbsxanada xəstəlikdən və qəm-qüssədən öldüyü bildirilirdi. Üç yaşlı oğlunun taleyi isə daha dəhşətli oldu: onu edam etmək qərarına gəldilər.
Hadisənin ən sarsıdıcı təfərrüatlarından biri edamın necə həyata keçirilməsi ilə bağlıdır. Müasirlərin nəql etdiklərinə görə, böyüklər üçün nəzərdə tutulmuş kəndir ilgəyi uşağın nazik boynunu lazımi şəkildə sıxa bilməmişdi. Nəticədə balaca İvan dərhal ölməmiş, bir neçə saat ərzində əzab çəkmişdi. Bəzi rəvayətlərə görə, o, boğulmadan, bəzilərinə görə isə soyuqdan həyatını itirmişdi.
Bu dəhşətli təfərrüatların nə dərəcədə dəqiq olduğunu bu gün müəyyənləşdirmək çətindir. Lakin uşağın edam edilməsi tarixi sənədlərlə təsdiqlənən faktdır.
1614-cü ilin dekabrında polyak diplomatlarına hadisə barədə məlumat verilərkən, bu, son dərəcə soyuqqanlı və bürokratik dillə ifadə edilmişdi: “İvaşka öz pis əməllərinə görə və Marinkanın oğlu olduğundan edam edildi”.
Əslində, burada söhbət uşağın törətdiyi hər hansı cinayətdən deyil, onun mənsub olduğu ailədən və gələcəkdə yarada biləcəyi siyasi təhlükədən gedirdi.
Dövlət maraqları, göründüyü kimi, bəzən ən elementar insani və mənəvi prinsipləri belə arxa plana keçirir. Yeni sülalə hakimiyyətini möhkəmləndirmək, taxt-taca mümkün iddiaları aradan qaldırmaq istəyirdi. Üç yaşlı uşaq isə bu siyasi mübarizənin qurbanına çevrildi.
Maraqlıdır ki, Rusiya tarixinin Dövlət böhranının başa çatmasına həsr olunmuş təntənəli salnamələrində bu hadisəyə, demək olar ki, yer verilmir. Minin və Pojarskinin qəhrəmanlığı, xalqın birliyi, Zemski Soborun fəaliyyəti və Vətənin xilas edilməsi haqqında danışılır, lakin Romanovlar hakimiyyətinin möhkəmlənməsi naminə üç yaşlı uşağın edam edilməsi kölgədə qalır.
Çünki milli birlik və dövlətin xilas edilməsi haqqında təntənəli rəvayətlərdə dar ağacından asılmış üç yaşlı uşağın taleyinə yer ayırmaq heç də əlverişli deyildi.
Halbuki Serpuxov darvazalarının yaxınlığında baş verən bu hadisə yeni sülalənin hakimiyyətini qorumaq üçün atdığı ən amansız addımlardan biri idi.
Tarix bəzən yalnız baş verənləri deyil, xatırlanması arzuolunmayan hadisələri də susqunluğa qərq edir. Xüsusilə də həmin susqunluq hakimiyyətin maraqlarına xidmət edəndə.
Rəsmiyyə Şərifova,
KONKRET.az
