
Bu gün Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Astanada Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə “Türk Dünyasında İqtisadi Əməkdaşlıq və İnteqrasiya” mövzusunda seminar keçirilib.
KONKRET.az xəbər verir ki, iki gün davam etməsi planlaşdırılan ekspertlərin görüşündə qardaş ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunacaq.
Tədbirdə iştirakçılar TDT-yə üzv ölkələr arasında iqtisadi tərəfdaşlıq potensialı barədə fikir mübadiləsi aparacaq, Türk Dünyasının iqtisadi siyasətinin öyrənilməsi üçün birgə mərkəzlər şəbəkəsinin yaradılması imkanlarını müzakirə edəcəklər.
Bundan əlavə, qardaş ölkə ekspertləri TDT üzvü olan dövlət başçıları tərəfindən qəbul edilmiş “Türk Dünyası 2040 Baxışı” sənədinin həyata keçirilməsi imkanları ilə bağlı öz fikir və təkliflərini bölüşəcəklər.
Tədbirin açılış mərasimində Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Kanat Tumış, TDT Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) baş katibi Kayrat Sarıbay, Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutunun Hüquq və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Avtandil Arabayev, Türkiyə Respublikası Ticarət Nazirliyinin Araşdırma və Riskin Qiymətləndirilməsi Baş Müdirliyinin Baş direktor müavini Raif Can, Macarıstanın Beynəlxalq Münasibətlərin və Ticarətin Öyrənilməsi İnstitutunun baş məsləhətçisi Laszlo Vasa, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin baş mütəxəssisi Fazliddin Nəsriddinov və qardaş ölkələrin səfirləri iştirak ediblər.

Açılış mərasimindən sonra seminarın işi iki tematik bölmədə davam etdiriləcək.
Ekspertlərin görüşü fevralın 18-də davam etdiriləcək. Seminarın yekunu olaraq Türk dövlətlərinin iqtisadi siyasəti, əməkdaşlığı və inteqrasiyası üzrə ixtisaslaşmış tədqiqat mərkəzləri arasında əməkdaşlığa dair Əməkdaşlıq Protokolunun imzalanacağı gözlənilir.
Qeyd edək ki, Türk dövlətlərinin inteqrasiya səylərində dönüş nöqtələrindən biri 2019-cu ildə Bakıda keçirilən Dövlət Başçıları Zirvəsi olub. Bu sammitdə TDT-yə üzv dövlətlər mərhələli inteqrasiyası istiqamətində əməkdaşlığı daha da dərinləşdirmək qərarına gəliblər. Əməkdaşlıqda digər mühüm dönüş nöqtəsi 2021-ci ildə İstanbulda keçirilən Dövlət Başçıları Zirvəsi və bu sammitdə qəbul edilən “Türk Dünyası 2040 Baxışı” sənədi oldu.
KONKRET.az
