Azərbaycanda avtomobil bazarında qiymət dinamikası yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə, yaz aylarının gəlişi ilə bazarda canlanmanın artması, alıcı tələbatının yüksəlməsi qiymətlərə təsirsiz ötüşmür.
Bəs may ayında avtomobil qiymətlərində artım gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, avtomobil bazarında qiymətlərin formalaşması birbaşa bazar prinsipləri əsasında tənzimlənir.

Onun sözlərinə görə, satışa çıxarılan nəqliyyat vasitəsinin istehsal ili, mühərrik həcmi, gücü və hansı sinfə aid olması kimi amillər qiymətə təsir edən əsas faktorlardır.
“Müasir dövrdə avtomobillərin funksionallığı və iqtisadi göstəriciləri artdıqca onların bazardakı dəyəri də yüksəlir.
Bu göstəricilər bir-biri ilə sıx bağlıdır və mərhələli şəkildə bazara təsir edir.
Xüsusilə aprel-may aylarında mövsümi tendensiyalara uyğun olaraq avtomobil bazarında qiymət yüksəlişi müşahidə edilir. Yaz və yay aylarında alıcılıq qabiliyyəti yüksəldiyi üçün bazarda aktivlik çoxalır və bu da qiymətlərə təsirsiz ötüşmür”.
Aslan Əsədov vurğulayıb ki, avtomobillərin qiymətində baş verən dəyişikliklər onların bazardakı aktuallığını qoruması, funksionallığının artması və ümumi bazar dövriyyəsinin genişlənməsi ilə birbaşa bağlıdır.
Beləliklə, mövcud tendensiyalar göstərir ki, may ayında avtomobil bazarında müəyyən qiymət qalxmasının baş verməsi ehtimalı yüksəkdir və bu proses əsasən mövsümi və iqtisadi amillərlə izah olunur.
Aynurə İsmayıl
KONKRET.az
