“Azərbaycan beynəlxalq aləmə uğurla inteqrasiya edən dövlətlərlə çoxtərəfli münasibətlər qurub” – ÖZƏLbackend

“Azərbaycan beynəlxalq aləmə uğurla inteqrasiya edən dövlətlərlə çoxtərəfli münasibətlər qurub” - ÖZƏL

 

Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri və qitələrini əhatə edir. Regional və qlobal əməkdaşlığın intensivləşməsi meyillərini Asiya, Afrika və Amerikada görmək mümkündür. Lakin ən əyani inteqrasiya modelini yalnız Qərbi Avropanın timsalında tam mənzərəsi ilə müşahidə etmək olar. Qeyd etmək lazımdır ki, inteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə böyük təkan verən, xalqların taleyində dönüş nöqtəsinə çevrilən bir prosesdir. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və ölkəmizin dünyada özünütəsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunan gerçəklikdir. Heydər Əliyevin inteqrasiya xəttinin hərtərəfli dərk edilməsi mühüm vəzifələrdən biridir. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir. Müasir dövrdə siyasi və iqtisadi inteqrasiya prosesləri, dövlətlərin regional birlik və ittifaqlarının formalaşması geniş vüsət alıb. Azərbaycan da bu baxımdan həm region, həm də dünya dövlətləri, o cümlədən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, dünya Birliyinə inteqrasiya istiqamətində Azərbaycan yeni-yeni uğurlara imza atır: “Müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də dünya dövlətləri ilə inteqrasiya, beynəlxalq və regional təşkilatlarla münasibətləri inkişaf etdirmək olub. Lakin bu istiqamətdə yetərincə təcrübəyə malik olmaması və diplomatik sahədə ixtisaslı kadrların azlığı ilk illər ciddi problemlər yaradıb. Erməni işğalçılarının ölkəmizə qarşı apardığı müharibə isə Azərbaycanın ümumiyyətlə digər dövlətlərlə münasibətlərinə ciddi əngəl törədib.  Bütün bunlara baxmayaraq Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışı və mərhələli şəkildə dövlət quruculuğunun inkişaf etdirilməsi qısa müddətdə öz nəticələrini verdi. Azərbaycan bir tərəfdən öz dövlətçiliyini qurur, digər tərəfdən siyasi və diplomatik sahədə erməni faşistlərinə qarşı mübarizə aparırdı. İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsi və o zaman bütün Azərbaycan xalqının prezidenti olacağına söz verməsi gələcəyə ümidimizi artırdı. Artıq 20 ilə yaxın bir müddətdir ki, müstəqil Azərbaycan Respublikası dünya birliyinə inteqrasiya yolunda durmadan addım atır. Bunun 18 ili erməni işğalçılarına qarşı bütün sahələr üzrə mübarizə ilə paralel aparılıb. Artıq uzun müddətdir ki, Azərbaycanın müstəqil siyasət yeritdiyinə heç kimdə şübhə yoxdur. Diplomatiyamız da milli maraqlarımızı rəhbər tutaraq hüquqi prinsiplərə sadiq qalmaq, inkişaf etmiş dünya dövlətləri ilə bərabər hüquqlu münasibətlər qurmaq istiqamətində ciddi addımlar atmaqdadır”.

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC

Politoloq əlavə edib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan balanslaşdırılmış xarici siyasət kursu onun irsinin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Artıq Azərbaycan beynəlxalq aləmə uğurla inteqrasiya edilən regional və qlobal dövlətlərlə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan çoxtərəfli münasibətlər qurmağa nail olub. Azərbaycanın Türkdilli ölkələrlə də münsibətləri son zamanlar yüksələn xətlə inkişaf edir. Türkiyə-Azərbaycan münasibətlərini örnək götürən digər türk dövlətləri arasında əməkdaşlıq hər keçən gün daha da intensivləşir. Buna misal olara Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və orada apardığı müzakirələri misal göstərmək olar. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanan maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verir”.

Əlimusa İbrahimovun sözlərinə görə, Prezident İlham Əliyevin reallaşdırdığı xarici siyasət kursunun həyata keçirilməsi nəticəsində dünyada ölkəmizin tərəfdaşlarının sayı getdikcə artıb: “Azərbaycan regionun aparıcı ölkəsi kimi çıxış etməklə bərabər, beynəlxalq arenada mövqeyi nəzərə alınan söz sahibinə çevrilib və qlobal məsələlərin həllinə cəlb olunub. Təbii ki, Przident İlham Əliyev bu nailiyyətləri nəzərdə tutaraq bildirib: “Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu ölkələrlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır”. Beləliklə ölkə başçısının fikirləri də təsdiq edir ki, Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi xeyli möhkəmlənib”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*