Paşinyan anklavlarla bağlı yeni təklif verdi – Detallarbackend

Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında ərazilərin ehtimal olunan mübadiləsi ilə bağlı son bəyanatlarına aydınlıq gətirərək, Kərki (Tiqranaşen) və digər ərazilər üzrə məsələnin həlli ilə bağlı öz baxışını təqdim edib.

KONKRET.az “Armenia Today”ə istinadən xəbər verir ki, Paşinyanın keçirdiyi brifinq onun “Youtube” kanalında canlı yayımlanıb.

Xatırladaq ki, Paşinyan oktyabrın 14-də anklav-eksklavlar məsələsinin ərazilərin dəyişdirilməsi ilə həll olunacağını, buna əsasən, Ermənistan və Azərbaycanın dəqiq ölçülərdə ərazi mübadiləsi aparmalı olduğunu bildirmişdi. Lakin o, həmin gün söhbətin hansı konkret ərazilərdən getdiyini dəqiqləşdirməmişdi.

Bugünkü brifinqdə isə Paşinyan konkret olaraq hansı ərazilərin nəzərdə tutulduğunu açıqlayıb. Onun sözlərinə görə, söhbət Naxçıvanın Kərki (Tiqranaşen), Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Ermənistanın Geğarkunik mərzinin Çəmbərək rayonunun Başkənd (Artsvaşen) kəndindən gedir. N. Paşinyana görə, mümkün həll yolunun əsas ideyası ondan ibarətdir ki, delimitasiyadan sonra hər iki ölkənin ərazisində anklav və eksklavlar qalmamalıdır. Bununla belə, hökümət başçısı bu prosesin təşkilində texniki məsələlərin olduğunu diqqətə çatdırıb.

Ermənistan Baş naziri mümkün çıxış yolu kimi Başkəndin (Artsvaşen) yerləşdiyi mövqenin dəyişdirilməsini və onun Ermənistanın əsas ərazisinə birləşdirilməsini təklif edib ki, yaşayış məntəqəsinə çatmaq üçün Azərbaycan sərhədini keçməyə ehtiyac qalmasın:

“Hesab edirəm ki, Ermənistanda Başkənd kəndi olmalıdır. Bu, o demək deyil ki, biz Başkənd yaşayış məntəqəsini bağlamalıyıq. Başkənd ilə Ermənistan arasında Azərbaycana məxsus ərazi var. Məsələn, aşağıdakı kimi ola bilər: Başkənd kəndi öz ərazisi ilə bir az sağa, bir az sola, bir az düz istiqamətdə elə yerləşdirilir və sürüşdürülür ki, Başkənd ilə Ermənistan arasında başqa ərazi qalmasın. Amma əsas ideya odur ki, biz kəndi bağlamırıq, əksinə, yenidən bərpa edirik”.

O vurğulayıb ki, eyni mexanizm qarşı tərəfdən də həyata keçirilə bilər:

“Belə bir həll üçün ilk növbədə delimitasiyanın əsasını təşkil edən xəritələr üzrə Başkənd ərazisinin ölçüləri dəqiqləşdirilməli, daha sonra onun hansı formada və harada yerləşdiriləcəyi müəyyən edilməlidir. Həmçinin ərazinin xüsusiyyətləri, su ehtiyatları və kommunikasiyalar da nəzərə alınmalıdır”.

Paşinyan eyni zamanda vurğulayıb ki, təklifin detalları hələ müzakirə olunmayıb və onun icrasının hüquqi prosedurları ilə bağlı suallar açıq qalır:

“Bu məsələ ətrafında hələlik heç bir rəsmi razılaşma əldə edilməyib. Hazırda heç bir razılaşma yoxdur, lakin hiss edirəm ki, qarşılıqlı anlayış bu cürdür. Təklifin xırdalıqları hələ müzakirə olunmasa da, ayrı-ayrı məsələlər ətrafında müəyyən söhbətlər gedib. Ehtimal olunan həllin icrası üçün referendumun tələb olunub-olunmayacağı da hələ bəlli deyil. Lakin bu məsələlərin hüquqi təhlilə ehtiyacı var, mən isə yalnız mümkün siyasi həll yolunu təqdim edirəm”.

Qeyd edək ki, Kərki (Tiqranaşen) və digər ərazilərin mənsubiyyəti məsələsi 2020-ci il 44 günlük müharibədən sonra delimitasiya prosesi çərçivəsində yenidən gündəmə gəlib. Ermənistan rəhbərliyi delimitasiya üçün 1991-ci il Almatı Bəyannaməsini əsas götürür. İrəvanın mövqeyinə görə, Kərki Ermənistan ərazisi deyil və onun statusu Azərbaycanla delimitasiya prosesində dəqiqləşdirilməlidir.\\qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*