Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Azərbaycanda qadınların hərbi xidmətə aparılması barədə müzakirələrə münasibət gətirib.
KONKRET.az xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında deyib ki, bir sıra ölkələrində, əsasən, Afrika ölkələrində qadınlar məcburi hərbi xidmətə çağırılsalar da, Azərbaycanda buna ehtiyac yoxdur.
A.Mirzəzadə deyib ki, Azərbaycanda kifayət qədər kişi kontingenti var və onlar Vətənin suverenliyini, ərazi bütövlüyünü əllərində silah qoruya bilərlər: “Bununla belə, Azərbaycan Silahlı Qüvvələrində könüllü şəkildə zabit və ya xidmət sahələrində çox sayda qadınlarımız qulluq edirlər – qərargah, tibb, təchizat və rabitə sahəsi. Qadınların qulluqları həmişə digərlərinə nümunə kimi göstərilir. Azərbaycanda qadınların hərbi xidmətə çağırılmaları ilə bağlı hər hansı müzakirə getmir və bunun olması gözlənilmir”.
