Azərbaycanda bəzi marketlərdə məhsulların fotosunun çəkilməsinə qadağa qoyulub. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Vətəndaşlar bildirirlər ki, bu məhdudiyyət qiymətlərin şəffaflığı ilə bağlı suallar yaradır və bəzi alıcılarda məhsulların qiymətlərinin süni şəkildə artırıldığı barədə şübhələr formalaşdırır.
Marketdə məhsulların qiymətini çəkmək olarmı? Bu proses qanunvericilikdə necə tənzimlənir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, marketdə məhsulların və onların qiymət etiketlərinin şəklini çəkmək qanunla qadağan edilmir:
“Bu məsələ bir neçə hüquqi aspektdən qiymətləndirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, satıcı istehlakçıya məhsulun qiyməti barədə düzgün və aydın məlumat verməyə borcludur. Qiymət etiketləri ictimai məlumat hesab olunur və alıcının məlumatlandırılması məqsədi daşıyır. Bununla yanaşı, market özəl mülkiyyət olduğundan müəssisə daxili qaydalar müəyyən edə bilər. Məsələn, peşəkar çəkilişlərin, tripoddan istifadənin və ya kommersiya məqsədli videoçəkilişin məhdudlaşdırılması mümkündür. Mağaza əməkdaşı çəkilişin dayandırılmasını xahiş edərsə, mübahisə yaranmaması üçün bu tələbə əməl etmək məqsədəuyğundur. Lakin bu, çəkilişin qanunsuz olması anlamına gəlmir və daha çox müəssisənin daxili qaydaları ilə bağlı məsələdir”.
Hüquqşünas bildirib ki, çəkiliş zamanı digər müştərilərin, işçilərin üzlərinin, şəxsi və ya ödəniş kartı məlumatlarının icazəsiz görüntülənməsi, paylaşılması onların məxfilik hüquqlarını poza bilər:
“Buna görə də yalnız məhsulun və qiymət etiketinin fotoşəklinin çəkilməsi daha təhlükəsiz yanaşma hesab olunur. Əgər məqsəd kassada fərqli qiymətin tətbiq olunduğunu sübut etmək, endirim etiketini sənədləşdirmək yaxud istehlakçı hüquqlarının pozulduğunu təsdiqləməkdirsə, qiymət etiketinin və kassa çekinin fotoşəkilləri sonradan ediləcək şikayət zamanı sübut kimi istifadə oluna bilər. Qanunvericiliyə əsasən, məhsulların üzərində düzgün tərtib edilmiş qiymət etiketləri olmalı və alıcıya düzgün qiymət məlumatı təqdim edilməlidir. Nəticə etibarilə, məhsulun və qiymət etiketinin şəklini çəkmək ümumilikdə qanunla qadağan edilmir və istehlakçı hüquqlarının qorunması məqsədilə bu fotolardan sübut kimi istifadə etmək mümkündür”.
