Azərbaycanın NATO üzvlüyünə az qalıb – FAKTLARIN İZİ İLƏ…backend

Azərbaycanın NATO üzvlüyünə az qalıb - FAKTLARIN İZİ İLƏ...

“Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq – son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Yəni, demək istəyirəm ki, bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir”.

KONKRET.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin noyabrın 15-də Albaniyada mətbuata bəyanatının bir hissəsidir.

Azərbaycanın zəfəri ilə yekunlaşan 44 günlük müharibədən sonra Cənubi Qafqazda NATO-ya üzvlük barədə belə bir ardıcıllıq var idi:

1. Gürcüstan NATO-ya üzv olacaq və Qərb Rusiyanı Abxaziya və Cənubi Osetiyadan uzaqlaşdıracaq. Lakin Saakaşvilinin 2008-də ağır məğlubiyyətə uğraması Bidzina hökumətini ehtiyatlı davranmağa vadar etdi. Onlar indiki məqamda Avropa İttifaqı üzvlüyü ilə kifayətlənmək istədilər deyə NATO-Aİ siklonu Ukrayna səmasını bürüdü. Ona görə də Tbilisiyə Avropa İttifaqının namizəd statusu da verilmədi.

2. Ermənistanın NATO üzvü olması fərziyyəsi ona görə real səslənirdi ki, ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi İrəvandadır və Paşinyan Sorosun kadrıdır. Lakin Ermənistandaxili strukturların Rusiya tabeliyində olması onları Kreml muxtariyyəti halına salıb. Həm də Ermənistan KTMT üzvü və indiki sədridir. Bu isə hayların NATO üzvlüyünü sual altında qoyur. Həm şimal alyansı İrəvanda vaxt itirmək istəmir.

3. II Qarabağ savaşı gedən zaman Azərbaycanın NATO üzvlüyü qabarmışdı. Sadəcə, atəşkəs zamanı Türkiyənin vasitəçiliyinə nail olunmadı. Qardaş ölkə Ağdamdakı Birgə Monitorinq Mərkəzindəki fəaliyyətlə kifayətləndi. Lakin sonra Şuşa bəyannaməsi imzalandı və NATO ümidi sönmədi. Həmçinin, Azərbaycan qalib tərəf idi və yaratdığı yeni region reallıqlarının işləyəcəyini düşündü. Buna görə də NATO üzvlüyünə ehtiyac yox idi.

Qeyd edək ki, Azərbaycan ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ildə qoyulub. Azərbaycan Ordusunun zabitləri NATO-nun Mənzil Qərargahında (Brüssel, Belçika) və NATO Müttəfiq Qüvvələrin Avropadakı Baş Komandanlığının Tərəfdaşlıq İdarəsində (Mons, Belçika) hərbi nümayəndəlik tərkibində milli vəzifələrdə, eləcə də NATO-nun digər əməliyyat və taktiki qərargahlarında tərəfdaşlığın qərargah vəzifələrində xidmət edirlər.

NATO-nun Azərbaycan cinahı

Yuxarıda qeyd etdiyim kimi, iki il öncə Bakının NATO tələbatı yox idi. Amma indi var:

Ermənistanın da üzv olduğu Rusiya KTMT-si Qarabağda qondarma rejim yaratmaq planına keçə bilər. Kollektiv təhlükəsizlik təşkilatının Azərbaycan torpaqlarına hücumu üçün hansısa sülhməramlının ölümü kifayətdir. Ermənistanın KTMT bölüyü və Gümrüdəki rus hərbi hissəsinin Xankəndidə yerləşməsinə Laçın koridoru şərait yaradacaq. Şuşa bəyannaməsi (üçüncü dövlətin müdaxiləsinə görə) ilə Türkiyə ordusu erməni-rus separatçılığının qarşısını almaq üçün hərəkətə keçəcək. KTMT-Türkiyə savaşı yaranarsa, bu, KTMT-NATO savaşı deməkdir. Əlbəttə ki, belə olan şəraitdə Azərbaycan müttəfiqlik bəyannaməsinə görə Rusiyanın yanında yer almayacaq. Çünki Kreml artıq neçənci dəfədir ki, Azərbaycan torpaqlarında erməni işğalı reallaşdırmış olacaq. Rəsmi Bakı ölkənin ərazi bütövlüyünə və Şuşa bəyannaməsindəki imzasına sadiq qalacaq. Bu yol isə NATO-ya aparır.

İran Zəngəzur dəhlizinə qarşı çıxır. İslam Respublikasından Naxçıvanın işğalı kimi təhdidlər duyulmaqdadır. Rusiya imperializminə oxşar ssenarini İran təhlükəsinə də aid etmək olar. Molla rejiminin NATO hədəfi olması isə heç kimə sirr deyil.

Cənubi Qafqazdakı geosiyasi durumu daha səmimi təhlil etsək, deməliyik ki, NATO ilə əməkdaşlıq Azərbaycana heç vaxt bugünkü qədər lazım olmayıb.

NATO-nun arzusu isə üzvlüklə bütün türk dövlətlərini əhatə etməkdir. Belə olan halda Rusiya nə Xəzər dənizi, nə də özünün cənub sərhədlərində təhlükə mənbəyi olmayacaq.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*