Bakının mərkəzi rayonlarından biri olan Nərimanov ərazisində bu gün də xalq arasında “Montin” kimi tanınan qəsəbənin adı illərdir müzakirə doğuran, lakin lazımi səviyyədə araşdırılmayan mövzulardan biridir.
NOCOMMENT.az xəbər verir ki, Sovet ideologiyasının mirası kimi formalaşan bu toponim, əslində, təkcə coğrafi ad deyil – həm də tarixi yaddaşın necə təhrif olunduğunun bariz nümunəsidir.
Pyotr Montin 25 yanvar 1882-ci ildə Gürcüstanda Belıy Klyuç kəndində hərbi xidmətdən yeni tərxis olunmuş qreandyor Vasili Qavriloviç Montin və Yekaterina İvanovna Xatkovanın ailəsində anadan olub.
(Maraqlıdır ki, Belıy Klyuç kəndinin adı əvvəlcə Azərbaycan türkcəsində Ağ Bulaq olub, lakin çar hakimiyyəti onu rus dilinə tərcümə edibi. Sonra bolşeviklər onun tarixi adını (Ağ Bulaq) qaytarırlar, lakin uzun müddət belə qalmır, 1944-cü ildə gürcülər kəndi Tetri-Tskaro adlandırılmağa başlayırlar).
Montin gəncliyində Bakıya gəlib, burada dostları ilə birlikdə kiçik ev kirayələyib, inqilabi işlərlə məşğul olub, dəfələrlə həbsə düşüb. Bir ara Bayıl həbsxanasında Lənkərandakı türməyə etap olunub. Subtropik zonanın rütubəti ona düşməyib, oradan Şamaxıya köçürüldü. Şamaxı həbsxanasından qaçıb, yenı tutulub, Bayıl türməsinə salınıb, sonra azad olunub.
1905-ci ilin iyul ayında o, yenidən həbs edilibi və bu dəfə Quba həbsxanasına göndərilib. Lakin 12 oktyabrda, Rusiyada tətili başlayanda və 17 oktyabr manifestinə səbəb olanda o da digər siyasi məhbuslar kimi azadlığa buraxılıb.
Bir sözlə, Montin Bakıda hər cür bəd işlərdə iştirak edib.
Onun inqilabçılar arasında nüfuzu o qədər yüksək idi ki, bolşeviklər 23 yaşlı Montini 1905-ci ilin dekabrında Finlandiyaya partiya konfransına göndərmək qərarına gəlilər.
Lakin yola düşmə ərəfəsində, axşam saatlarında Montin Aziatskaya küçəsində naməlum şəxslər tərəfindən güllələnib.
Onun nəşi qatarla Tiflisə göndərilib və Tiflis qəbiristanlıqda dəfn edilib.
1920-ci ildən sonra Pyotr Montin və Xanlar Səfərəliyev kimi köhnə bolşeviklərin adı şəhər və qəsəbələrə verilməyə başlanıb.
Müstəqillik əldə edildikdən sonra Azərbaycanın bir çox şəhər və rayonlarında sovet dövründən qalma adların dəyişdirilməsi prosesi başlasa da, bəzi hallarda bu proses ya gecikib, ya da ümumiyyətlə həyata keçirilməyib. “Montin” məsələsi də məhz belə nümunələrdəndir.
“Montin” adı ətrafında gedən müzakirələr bir daha göstərir ki, toponimika sadəcə xəritə üzərindəki adlar toplusu deyil – bu, ideologiya, tarix və kimlik məsələsidir. Bu baxımdan, cəmiyyətin və müvafiq qurumların bu kimi məsələlərə həssas yanaşması zərurətə çevrilib.//musavat.com
