Son vaxtlar region ölkələrində və ətraf ərazilərdə baş verən zəlzələlər əhali arasında narahatlığı artırıb. Xüsusilə Bakıda yaxın gələcəkdə güclü zəlzələnin baş verib-verməyəcəyi ilə bağlı suallar aktuallaşıb.
Bəs paytaxt və Abşeron yarımadası üçün real vəziyyət necədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, müasir elm hələ də zəlzələlərin dəqiq vaxtını və yerini əvvəlcədən müəyyənləşdirmək imkanına malik deyil.

“Bu gün ən müasir cihazlar belə zəlzələlərin nə vaxt baş verəcəyini dəqiq müəyyənləşdirə bilmir. Alimlər fay xətlərində və tektonik tavalar arasında yaranan gərginliyi ölçərək müəyyən ehtimallar irəli sürürlər. Bu əsasda yaxın 10, 50 və ya daha uzun müddət ərzində hansı ərazilərdə zəlzələ riskinin yüksək ola biləcəyi barədə proqnozlar hazırlanır. Lakin konkret tarix və saat göstərmək mümkün deyil.”
Ekspert qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yerləşən seysmik müşahidə stansiyalarından əldə olunan məlumatlar qarşılıqlı şəkildə paylaşılır və daimi monitorinq aparılır.
Q. İbrahimlinin sözlərinə görə, Azərbaycanda demək olar ki, hər gün xırda zəlzələlər qeydə alınır:
“Ölkəmizdə hər gün müxtəlif gücdə yeraltı təkanlar baş verir. Lakin onların əksəriyyəti zəif maqnitudalı olduğundan insanlar tərəfindən hiss edilmir. Bakı və Abşeron yarımadası, Şamaxı, Gəncə və Zaqatala seysmik baxımdan aktiv zonalar hesab olunur. Bu səbəbdən həmin ərazilərdə zəlzələlərin baş verməsi təbii prosesdir.”
Ekspert yaxın perspektivdə dağıdıcı zəlzələ ehtimalının yüksək olmadığını da vurğulayıb:
“Seysmik aktivlik hər zaman mövcuddur və müəyyən təkanların baş verməsi mümkündür. Lakin hazırkı məlumatlara əsasən, yaxın dövrdə dağıdıcı zəlzələnin baş verəcəyini demək üçün əsas yoxdur.”
Müşviq Tofiqoğlu
KONKRET.az
