Bunu etsəniz, kirayə qaldığınız evdən çıxarıla bilərsiniz – VACİB AÇIQLAMAbackend

Bunu etsəniz, kirayə qaldığınız evdən çıxarıla bilərsiniz – VACİB AÇIQLAMA

Kirayə evlərdə ev sahibi ilə kirayəçi arasında bəzən gözlənilməz səbəblərdən mübahisə yaranır. Məsələn, kirayəçi evdəki köhnə, pis qoxu verən və istifadəyə yararsız hesab etdiyi əşyanı atır, ev sahibi isə buna görə ondan evi boşaltmağı tələb edir.

Bəs kirayəçinin belə bir addım atmağa hüququ varmı? Ev sahibinin əşyanı icazəsiz atdığı üçün kirayəçini evdən çıxara bilərmi? Belə hallarda qanun kimin tərəfindədir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, icarə münasibətləri müqavilə əsasında rəsmiləşdirilməlidir:

“Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, eləcə də icarə ilə bağlı bütün əsas şərtlər əks olunmalıdır.

Müqavilənin olması həm ev sahibini, həm də kirayəçini xoşagəlməz hallardan qoruyur. Ev sahibi əmlakın oğurlanması, zədələnməsi, qəsdən korlanması, kirayə haqqının vaxtında ödənilməməsi və depozitlə bağlı yarana biləcək problemlərə qarşı öz hüquqlarını qoruya bilir. Eyni zamanda, kirayəçi də müqavilə vasitəsilə hüquqlarını müdafiə etmək imkanı əldə edir.

Mənzildə olan əşyaların siyahısı hazırlanmalı, onların vəziyyəti dəqiq qeyd edilməlidir. Həmçinin məişət texnikası və digər avadanlıqların vəziyyəti, təmir xərclərini kimin qarşılayacağı, zərurət yarandıqda təmir işlərinin hansı qaydada aparılacağı əvvəlcədən razılaşdırılmalıdır. Xüsusilə bahalı avadanlıqlarla bağlı bu şərtlərin müqavilədə əks olunması vacibdir.

Kirayə haqqının məbləği və onun dəyişdirilməsi qaydası da müqavilədə göstərilməlidir. Bundan başqa, mənzilin hansı hallarda və hansı müddətdə boşaldılmalı olduğu əvvəlcədən razılaşdırılmalıdır. Bəzən ev sahibi gözlənilmədən mənzilin boşaldılmasını tələb edir və ya kirayə haqqını artırır”.

E.Azadov qeyd edib ki, mənzildə neçə nəfərin yaşayacağı ilə bağlı da əvvəlcədən razılıq əldə edilməli və bu şərt müqavilədə qeyd olunmalıdır:

“Məsələn, mənzildə əvvəlcə bir nəfərin yaşaması nəzərdə tutulubsa, sonradan həmin şəxsin sayının artması məsələsi tərəflər arasında razılaşdırılmalıdır.

Kommunal xidmətlərin və digər ödənişlərin kim tərəfindən qarşılanacağı da müqavilədə dəqiq göstərilməlidir. Adətən, kommunal xərcləri kirayəçi ödəyir, lakin bu, tərəflərin razılaşmasından asılı olaraq dəyişə bilər. İstilik təchizatı, binanın aylıq xidmət haqqı və digər əlavə ödənişlərin kimin üzərinə düşdüyü də əvvəlcədən müəyyənləşdirilməlidir.

Müqavilənin müddəti və onun uzadılması qaydası da diqqətdə saxlanılmalıdır. Bütün bu şərtlər əvvəlcədən razılaşdırılarsa, ev sahibi ilə kirayəçi arasında anlaşılmazlıqların yaranma ehtimalı azalar. Mübahisə yarandığı halda isə müqavilə hər iki tərəfin hüquqlarının qorunmasına kömək edə bilər.

Mənzildəki hər hansı əşyanın dəyişdirilməsinə, yenilənməsinə və ya əlavə avadanlıqla əvəz olunmasına ehtiyac yaranarsa, kirayəçi bu barədə ev sahibini məlumatlandırmalıdır. Kirayəçi öz istəyinə uyğun təmir işləri aparmaq və ya mənzilə əlavə avadanlıq yerləşdirmək istədikdə də ev sahibi ilə qarşılıqlı razılıq əldə etməlidir. Əsas məsələ bütün bu məsələlərin əvvəlcədən müzakirə olunması və tərəflərin razılığının olmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*