“Bağçalarda çalışan tərbiyəçi-müəllimlərin və digər pedaqoji heyətin sertifikatlaşdırılması artıq qanunvericilikdə nəzərdə tutulmuş bir məsələdir. Hesab edirəm ki, bu yanaşma məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətli addım ola bilər. Çünki uşağın ilkin bilik və bacarıqlarının, sosial davranışlarının və şəxsiyyət kimi formalaşmasının təməli məhz məktəbəqədər dövrdə qoyulur”.
Bu fikirləri təhsil eksperti, Politecnico di Torino Universitetinin doktorantı Etibar Vəzirov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Lakin burada diqqət edilməli vacib məqam var. Bağça tərbiyəçilərinin fəaliyyətini məktəb müəllimləri ilə eyni meyarlar əsasında qiymətləndirmək doğru olmazdı. Məktəbəqədər təhsildə əsas məqsəd uşağa yalnız bilik vermək deyil, onun yaşına uyğun psixoloji, emosional və sosial inkişafını dəstəkləməkdir. Buna görə də sertifikasiya zamanı nəzəri biliklərlə yanaşı, uşaq psixologiyası, inklüziv təhsil, pedaqoji yanaşma və praktik bacarıqlar da qiymətləndirilməlidir.
Digər mühüm məsələ sertifikasiyanın məqsədidir. Bu proses yalnız işçilərin biliklərini yoxlamaq və ya onları işdən uzaqlaşdırmaq mexanizminə çevrilməməlidir. Əksinə, əsas hədəf peşəkar inkişafı təşviq etmək və mövcud çatışmazlıqları aradan qaldırmaq olmalıdır. Bunun üçün sertifikasiyadan əvvəl ödənişsiz hazırlıq proqramları təşkil edilməli, nəticələri zəif olan əməkdaşlara təkrar təlim imkanları yaradılmalıdır. Eyni zamanda, yüksək nəticə göstərən tərbiyəçilərin əməkhaqqı və karyera inkişafı baxımından stimullaşdırılması da nəzərdən keçirilməlidir”.
Ekspert vurğulayır ki, sertifikasiyanın effektivliyi yalnız imtahan nəticələri ilə deyil, onun bağçalardakı real təsiri ilə ölçülməlidir.
“Bu məqsədlə nəzəri qiymətləndirmə praktik bacarıqların müşahidəsi ilə tamamlanmalı, valideyn rəyləri və uşaqların inkişaf göstəriciləri isə əlavə keyfiyyət meyarları kimi nəzərə alınmalıdır. Unutmamalıyıq ki, yaxşı tərbiyəçi sadəcə çox bilən deyil, uşağın dünyasını anlayan və onun potensialını üzə çıxarmağı bacaran pedaqoqdur. Sertifikasiyanın əsl uğuru da neçə nəfərin imtahandan keçməsi ilə deyil, bu prosesdən sonra uşaqların nə dərəcədə daha keyfiyyətli təhsil və qayğı alması ilə ölçülməlidir”.
Aynurə İsmayıl
KONKRET.az
