“Mikayıl müəllim bu acı həqiqətləri bilə-bilə susursa…” – ŞOK AÇIQLAMAbackend

"Mikayıl müəllim bu acı həqiqətləri bilə-bilə susursa..." - ŞOK AÇIQLAMA

“İqtisadiyyat nazirinin bir saatdan çox davam edən darıxdırıcı müsahibəsi və nümayiş etdiyi bədən dili ölkənin iqtisadi gələcəyi ilə bağlı bəyan edilən optimist ritorikanın pərdəarxasında tamamilə fərqli və gərgin bir reallığın gizləndiyini növbəti dəfə təsdiqlədi.”

KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Mikayıl Cabbarovun müsahibə əsnasındakı mimikaları, xüsusilə çətin suallar qarşısında sanki əziyyət çəkərək danışması və üzündəki sevinclə deyil, ironiya ilə müşayiət olunan təbəssümü diqqətdən yayınmayıb.

Ekspert qeyd edib ki, nazirin iqtisadiyyatın durumu barədə yeni heç bir şey deməyərək makroiqtisadi göstəricilərin və valyuta ehtiyatlarının yaxşı olması kimi şablon tezisləri təkrarlaması, lakin konkret məsələlərə gəldikdə suallardan yayınması hökumətin real çıxış yolunun olmadığından xəbər verir: “Nazir müsahibənin 33-cü dəqiqəsində gülümsəyərək neft-qaz gəlirlərinə sadəcə bir ‘bonus’ kimi baxmalı olduğumuzu desə də, 35-ci dəqiqədə SOCAR-ın xarici sərmayələrinin xeyriyyəçilik olmadığını vurğulamaqla daxili ziddiyyətə yol verir. Ən qəribəsi odur ki, o, hər bir sahənin prioritet ola bilməyəcəyini iddia etdiyi halda, ardınca neft-qaz, qeyri-neft sənayesi, dağ-mədən, kimya, kənd təsərrüfatı, turizm və rəqəmsallaşma daxil olmaqla, az qala ölkədəki bütün sektorları prioritet elan etdi. İxrac coğrafiyasının genişləndirilməsinin vacibliyindən danışılsa da, bunun konkret olaraq hansı yerli məhsulların və hansı istehsal gücünün hesabına reallaşacağı barədə heç bir mexanizm təqdim olunmadı. Eyni zamanda, Mikayıl müəllimin ‘Əsrin müqaviləsi’ni qanunvericilik və investisiya mühitimizin müsbət tarixi nümunəsi kimi təqdim etməsi rəsmi Bakının adekvat hüquqi təminat konsepsiyasının hələ də yalnız xarici neft korporasiyaları ilə məhdudlaşdığının dolayısı ilə etirafıdır. Yəni iqtisadiyyat dedikdə hökumətin beynində əvvəlki tək yenə də yalnız neft və qaz ehtiva olunur”.

Əkrəm Həsənov vurğulayıb ki, nazirin ölkədə özəl investisiyaların və sahibkarlığın vəziyyətini vergi yığımlarının artması fonunda müsbət qiymətləndirməsi real mənzərəni əks etdirmir, çünki bu artımın arxasında sahibkarları müflis edən inzibati vergi təzyiqləri dayanır: “Azərbaycanda özəl sektor deyilən strukturun əsasən iri və hökumətə yaxın holdinqlərdən ibarət olduğunu hamımız bilirik. Nazir sahibkarların üzləşdiyi real çətinliklər barədə sualdan yayındığı kimi, cəmiyyəti düşündürən əsas problemə — iqtisadi artımın olmamasına da səthi cavab verdi. Lakin o, həqiqəti tam gizlədə bilməyərək etiraf etdi ki, dövlətin böyük tikinti və investisiya layihələri ləngidiyi üçün iqtisadi artım dayanıb. Bu isə o deməkdir ki, ölkədə yeganə əsas investor dövlətdir və real özəl sektorun payı ildən-ilə azala-azala gedir. Hazırda iqtisadi artımı təmin etməyin yeganə yolu kimi yenə də dövlət xərclərinin artırılması görünür, lakin əvvəlki illərdən fərqli olaraq dövlətin artıq o qədər sərbəst pulu yoxdur. Real özəl investisiyalar üçün isə hökumət fundamental şərait yaratmayıb. Çünki klassik bazar iqtisadiyyatının üç əsas sütunu — mülkiyyətin toxunulmazlığı, öhdəliklərin icrası və sağlam rəqabət mühitidir. Bunları qorumalı olan müstəqil, ədalətli və savadlı məhkəmə sistemi isə ölkədə mövcud deyil. İxtisasca hüquqşünas olan Mikayıl müəllim bu acı həqiqətləri bilə-bilə susursa, deməli, sistemdə heç bir müsbət dəyişiklik gözlənilmir və iqtisadiyyatımız üzüaşağı istiqamətdə hərəkətini davam etdirəcək”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*