Bu yazını ürək xəstələri oxusunbackend

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədər bir çox sağlamlıq probleminə təsir göstərə bilər.

KONKRET.az xəbər verir ki, mütəxəssislərin fikrincə, “hamı üçün ən doğru yuxu pozisiyası” anlayışı yoxdur.

Düzgün seçim insanın yaşına, çəkisinə, hamiləlik vəziyyətinə, ürək və mədə sağlamlığına görə dəyişir.

Yuxu zamanı bədənin aldığı mövqe nəfəsalma prosesinə, mədə turşusunun hərəkətinə, onurğanın düzülüşünə və səhər oyananda hiss olunan ağrılara birbaşa təsir edir.

Mütəxəssislər bildirirlər ki, yanlış yuxu pozisiyası təkbaşına ömrü qısaltmır, amma uzun müddətdə xroniki ağrıları artıraraq sağlamlığa mənfi təsir göstərə bilər.

Ən geniş yayılmış yuxu pozisiyalarından biri yan üstə yatmaqdır. Bir çox insan bu vəziyyətdə daha rahat nəfəs aldığını deyir. Lakin hansı tərəfə yatmağın seçilməsi də önəmlidir.

Mütəxəssislərə görə, xüsusilə mədə turşuluğundan əziyyət çəkən insanlarda sol tərəfə yatmaq bəzi hallarda şikayətləri azalda bilər. Bunun səbəbi mədə ilə qida borusunun yerləşmə formasıdır. Sol tərəfə uzananda mədə turşusunun qida borusuna geri qaçma ehtimalı azalır və gecə daha yüngül keçə bilər.

Hamiləlik dövründə də sol tərəfə yatmaq tez-tez tövsiyə olunur. Amma bu məsələdə ən doğru qərar mütləq həkim tərəfindən verilməlidir.

Ürək xəstəliyi olan bəzi insanlarda sol tərəfə yatmaq narahatlıq yarada bilər. Bu səbəbdən bəzi hallarda sağ tərəfə yatmaq daha rahat ola bilər. Lakin bu, ümumi qayda deyil. Həkimlər bildirirlər ki, ürək çatışmazlığı, ritm pozğunluğu və ya kardiostimulyatoru olan şəxslər yuxu pozisiyasını özbaşına dəyişməməlidirlər.

Kürəyi üstə yatmaq onurğa baxımından bəzi insanlar üçün faydalı ola bilər. Lakin bu pozisiyanın mənfi tərəfi var: xoruldma və yuxuda nəfəs alma pozuntusu riski arta bilər. Bu vəziyyətdə boğaz ətrafındakı yumşaq toxumalar tənəffüs yolunu daralda bilər. Bu da gecə nəfəs dayanması, tez-tez oyanma və gündüz yorğunluğuna səbəb ola bilər.

Yuxuda nəfəs pozulması yalnız xoruldama yaratmır. Müalicə olunmadıqda ürək-damar sistemi, təzyiq, maddələr mübadiləsi və ümumi həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.

Bəzi insanlar üzüaşağı yatanda xoruldamağın azaldığını bildirir. Amma bu pozisiya boyun və bel üçün ən çətin variantlardan biridir. Bu vəziyyətdə baş adətən yana çevrilir və bu, boyun əzələlərində gərginlik yaradır. Eyni zamanda beldə təbii əyriliyin pozulması da mümkündür.

Son illərdə aparılan araşdırmalar yan üstə yatmağın beynin təmizləmə sistemi üçün daha faydalı ola biləcəyini göstərir. Lakin bu nəticələr hələ tam təsdiqlənməyib və əsasən heyvan tədqiqatlarına əsaslanır.

Mütəxəssislər vurğulayırlar ki, “müəyyən tərəfə yatmaq Altsheymer xəstəliyinin qarşısını alır” kimi iddialar elmi cəhətdən dəqiq deyil.

Həkimlərin tövsiyəsinə görə, yuxu keyfiyyətini artırmaq üçün uyğun sərtlikdə yataq seçilməli, boyun və onurğa eyni xəttdə saxlanılmalı, dizlər arasında yastıqdan istifadə edilməli, gündəlik hərəkət artırılmalıdır.

Yuxu pozisiyasını dəyişmək isə birdən-birə deyil, mərhələli şəkildə edilməlidir. Əks halda bədən yeni vəziyyətə uyğunlaşmaqda çətinlik çəkə bilər. Yuxu pozisiyası hər insan üçün fərdidir və hamı üçün ideal bir mövqe yoxdur. Əsas məqsəd bədənin rahat olması, nəfəsalmanın normal qalması və keyfiyyətli yuxunun təmin edilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*