Bir insan saatı necə əvəz edə bilərdi? – Londonda səhərləri insanları oyadan qadının hekayəsibackend

Bir insan saatı necə əvəz edə bilərdi? - Londonda səhərləri insanları oyadan qadının hekayəsi

“Bir fotoşəklin tarixçəsi”

Bu qadın kimdir və nə işlə məşğuldur?

Fotodakı qadının adı Meri Smitdir. O, Londonda yaşayırdı və bu gün bizə olduqca qeyri-adi görünən bir peşənin sahibi idi: insanları yuxudan oyadırdı.

XVIII əsrin ikinci yarısında İngiltərə və İrlandiyada fabrik və manufakturaların sayı sürətlə artmağa başlayanda belə bir peşəyə ehtiyac yarandı. Fəhlələr işə dəqiq vaxtında gəlməli idilər. Lakin o dövrdə zəngli saatlar baha olduğundan, sadə işçilərin çoxu onları almağa imkan tapmırdı.

Belə şəraitdə daha sərfəli bir həll yolu ortaya çıxdı: insanları səhərlər yuxudan oyatmaq üçün xüsusi adamlar tutulurdu. Onlara həftədə cəmi bir neçə pens ödəmək kifayət edirdi. Bəzən fəhlələr özləri belə adamları işə götürür, bəzən isə bunu fabrik sahibləri təşkil edirdilər.

Bu peşənin sahibləri necə işləyirdilər?

İngilis dilində “knocker-up” adlandırılan bu insanlar səhər tezdən küçələrə çıxır, uzun çubuqlarla müştərilərinin pəncərələrinə döyərək onları oyadırdılar. Müştərinin həqiqətən oyandığına əmin olana qədər dayanmazdılar.

Zaman keçdikcə hər kəsin özünəməxsus iş üsulu formalaşdı. Məsələn, Meri Smit insanları oyatmaq üçün xüsusi üfürmə borusundan istifadə edirdi. O, həmin boru ilə noxud dənələrini hətta dördüncü mərtəbənin pəncərəsinə qədər çatdırmağı bacarırdı!

Maraqlıdır ki, Meri Smitin qızı da anasının yolunu davam etdirərək bu peşəni seçmişdi. İnsanları səhərlər yuxudan oyadan belə şəxslərə Londonda ötən əsrin 50-ci illərinədək ehtiyac duyulurdu.

Bəs səhər tezdən insanları oyadanların özünü kim oyadırdı?

Bu sualın cavabı da maraqlıdır: onları heç kim oyatmırdı. Ya yuxusuzluqdan əziyyət çəkir, ya da gündüzlər yatıb dincəlirdilər ki, səhər saat beşdən etibarən iş başında ola bilsinlər.

Beləcə, zəngli saatların geniş yayılmadığı dövrdə insanlar bir-birini oyadaraq həyatın ritmini qoruyurdular. Bu gün bizə qəribə görünən həmin peşə isə bir zamanlar minlərlə insanın vaxtında işə çatmasına kömək edirdi.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*