Bir roman düşmənin ideoloji qalasını necə yıxdı?backend

Bir roman düşmənin ideoloji qalasını necə yıxdı?

Birbaşa mətləbə keçərək deyim ki, müharibə mövzusunda yazılmış əsərlər adətən iki təhlükə ilə üzləşir. Birinci təhlükə hadisələrin pafosun içində itib-batmasıdır. İkinci təhlükə isə insan talelərinin siyasi və ideoloji mübahisələrin kölgəsində qalmasıdır. Yazıçı Natiq Məmmədlinin yeni çap olunan “Biz, onlar və bizim dağlar” romanı məhz bu iki təhlükədən uzaq durmağa çalışan milli ədəbiyyatımızın azsaylı əsərləri cərgəsində dayanır.

Əsərdəki hadisələr İkinci Qarabağ müharibəsinin ən ağır döyüş istiqamətlərindən biri olan Suqovuşan və Talış ətrafında cərəyan edir. Roman real hadisələrdən qaynaqlansa da, müəllifin əsas marağı hərbi əməliyyatların xronikasını yaratmaq deyil. O, müharibənin insan psixologiyasında, vicdanında və seçimlərində yaratdığı sarsıntıları araşdırmağa çalışır.

Son illərdə müasir ədəbiyyatında müharibə haqqında ən uğurlu əsərlərin böyük hissəsi döyüşün özündən daha çox insanın daxili dünyasına diqqət yetirir. Bu mənada “Biz, onlar və bizim dağlar” da müasir müharibə romanının mühüm xüsusiyyətlərini daşıyır. Burada qəhrəmanlıq anlayışı yalnız silahlı mübarizə ilə məhdudlaşmır; insanlığını qorumaq, nifrətin hökm sürdüyü şəraitdə vicdanın səsini eşidə bilmək də mənəvi qəhrəmanlıq kimi təqdim olunur. Müəllifin qeyd etdiyi kimi, “Bəli, biz bu müharibədə qalib gəldik – ən əhəmiyyətlisi budur ki, öz insanlığımızı, öz simamızı qoruyaraq qalib gəldik. Bu bizim üçün Vətən müharibəsi idi. Çünki tarixin məğlubiyyətlər zəncirini qırmaq, ədaləti bərpa etmək, Vətəni bütövləşdirmək istəyirdik. Məqsədimiz bizim dağların qarşısında alnıaçıq, üzüağ olmaq idi”.

Romanın ən diqqətçəkən və cəsarətli tərəfi onun polifonik, yəni çoxsəsli strukturundadır. Yazıçı hadisələrə yalnız bir pəncərədən baxmır; o, oxucunu həm “Biz”-in, həm də “Onlar”-ın dünyasına aparır. Səngərin digər tərəfində — bunkerdə çarəsizcə ölümünü gözləyən, illərdir onlara aşılanan yalan ideologiyanın qurbanı olmuş erməni əsgərlərinin (Hayk, Qaqik, Vartan və digərləri) qorxuları və daxili xaosu o qədər canlı təsvir olunub ki, düşmən obrazı quru bir hədəf olmaqdan çıxıb canlı, etiraf edən xarakterə çevrilir. Digər tərəfdə isə öz torpağında haqq savaşı aparan, lakin qəlbindəki mərhəməti itirməyən Azərbaycan əsgəri dayanır. Vüqar Ağayevin silahsız və zirehsiz şəkildə bunkerə girməsi, yaralı düşmən əsgərinə “Mən səni öldürmək istəmirəm” deməsi sadəcə bir hərbi epizod deyil. Bu, əsərin əsas fəlsəfəsini — “Live and Let Live” (Yaşa və qoy yaşasın) sloqanını doğuran, nifrətin üzərində qazanılmış mənəvi qələbənin rəmzidir. Azərbaycan hərbçisinin bu humanist obrazı, xalqımızın ruhunun bədii pasportu kimi oxucunun qəlbinə toxunur.

O məqam da diqqətimi çəkdi ki, müəllif romanda coğrafiyanı sadəcə bir fon kimi istifadə etmir, onu canlı bir obraza çevirir. “Bizim dağlar” ucalığın, tarixin və ədalətin simvoludursa, onun zirvəsini bürüyən duman müharibənin gətirdiyi qeyri-müəyyənliyi, xaosu və insanların psixoloji gərginliyini əks etdirir. Amma hər kəsin can atdığı, arzuladığı tək bir hədəf var: Qala. Qala romanda sadəcə azad olunmalı bir məntəqə deyil, o, mənəvi təmizlənmənin, milli qürurun bərpasının və müharibənin bəşəri mənada bitməsinin metaforasıdır. Qalanın azad olunması ilə sanki dağların üzərindəki o ağır duman çəkilir, yerini aydınlığa və sülhə verir.

… və romanın verdiyi əsas mesaj barədə. Məlumdur ki, erməni təbliğatının ən amansız silahı hər zaman rəmzlər olub. Onlar “Biz və bizim dağlar” abidəsi ilə coğrafiyanı millətçiliyə qurban vermişdilər. Yazıçı bu romanıilə düşmənin ən böyük rəmzini götürür, onun daxili strukturunu sökür və onu Azərbaycanın zəfər hekayəsinin elementinə çevirir. Adın daxilinə yerləşdirilən “Onlar” ifadəsi düşməni öz yalanı ilə üzbəüz qoyan bədii bir güzgüdür. Bu, sadəcə bir ad deyil; bu, düşmənin onilliklər boyu sığındığı ideoloji qalanın bədii dillə fəth edilməsidir. Müəllif o daş abidənin əlindən mənəvi mülkiyyət hüququnu alır və dağların əbədi sahibinin əslində kim olduğunu hamıya bəyan edir.

Fikir versəniz, kitabın üz qabığında dağların zirvəsində nəbz xətti – kardioqram təsvir olunub. Yəni o dağlar erməni millətçiliyi üçün donmuş, daşlaşmış bir abidə idi, bizim üçün isə  Azərbaycanın ürəyinin ritmi ilə döyünən doğma varlıqlardır.

Ümumiyyətlə, Natiq Məmmədlinin romanını siyasi bəyanat kimi deyil, müharibənin insan üzərində qoyduğu izlər haqqında yazılmış ədəbi mətn kimi dəyərləndirmək daha doğru olar. Çünki əsərin mərkəzində duran əsas sual tərəflərin kimliyi deyil. Əsas sual budur: insan ən ağır sınaq anında öz vicdanını və insanlığını qoruya bilirmi? Romanın dəyəri də məhz bu sualın cavabını axtarmasında gizlənir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*