Əmək müqaviləsi olmadan işləyən şəxslər üçün əvvəlki illərin əmək stajının rəsmiləşdirilməsi və həmin dövrə görə pensiya hüququnun təmin edilməsi məsələsi aktual olaraq qalır. Uzun illər çalışmasına baxmayaraq, fəaliyyəti rəsmi qeydə alınmayan şəxslər gələcəkdə sosial təminatla bağlı çətinliklərlə üzləşə bilərlər.
Bəs əmək müqaviləsi olmadan işləyən şəxslər əvvəlki illərin iş stajını rəsmiləşdirə, ödənilməmiş əməkhaqlarını və sosial sığorta haqlarını tələb edə bilərlərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, işçini əmək müqaviləsi bağlamadan işlətmək işəgötürənin qanun pozuntusudur və bu hal inzibati, bəzi hallarda isə cinayət məsuliyyətinə səbəb ola bilər.

“Belə vəziyyətlə qarşılaşan şəxslər müvafiq qurumlara şikayət etməli, işəgötürənin qanunsuz fəaliyyətinin araşdırılmasını tələb etməlidirlər. Araşdırmanın nəticəsindən asılı olaraq, işəgötürən barəsində inzibati tədbirlər görülə və ya cinayət işi başlana bilər”.
Ə.Həsənov qeyd edib ki, işəgötürənin məsuliyyətə cəlb edilməsi ilə işçinin əməkhaqqı və pensiya təminatı ilə bağlı tələbləri fərqli məsələlərdir.
“Əməkhaqqının və məcburi sosial sığorta ödənişlərinin əvvəlki dövrlər üzrə tələb edilməsində müddət məhdudiyyəti mövcuddur.
işçi əməkhaqqı və pensiya ilə bağlı tələblərini yalnız son bir il üzrə irəli sürə bilər. Başqa sözlə, şəxs 10 il əmək müqaviləsi olmadan çalışıbsa, həmin dövrün bütün illəri üzrə ödənişləri tələb etmək imkanının məhdudlaşdırılması ilə üzləşəcək”.
Ekspert vurğulayıb ki, bu məhdudiyyət işçinin işəgötürəndən məhkəmə qaydasında vurulmuş zərərin əvəzini tələb etməsinə mane olmur. Belə hallarda zərərin olub-olmaması və onun məbləği ilə bağlı yekun qiyməti məhkəmə verir.
Aynurə İsmayıl
KONKRET.az
