Çürümüş və dağılmış Rusiya imperiyasının yenidən dirçəlib dünya nəhəngi, superdövlət olmasını Lenin və Stalinin repressiv və amansız rejiminə bağlasalar da və bu xeyli dərəcədə həqiqət olsa da, SSRİ-nin II dünya müharibəsindən sonra ayaqda qalması, dünyaya meydan oxuması, eləcə də bugünkü Rusiyanın hələ də dünyanın taleyini həll edən iki dövlətdən biri olması məhz bir qrup alimin intellektinin və əməyinin nəticəsində olub. O alimlərin başında Kurçatov gəlir.
Dünyanın üzünü dəyişən alim
Əgər SSRİ vaxtında nüvə silahına malik olmasaydı, ABŞ başda olmaqla birləşmiş kapitalist dünyası Hitler Almaniyasının ardınca özlərinə qatı düşmən və böyük təhlükə saydıqları sovet-kommunist Rusiyasını növbəti bir münaqişəyə çəkəcək və öz hərbi üstünlüklərindən istifadə edərək onu çökdürəcək, parçalayacaqdılar. SSRİ yeni müharibədən qaça bilsə də, Almaniyada, Şərqi Avropada, Yaponiyada işğal etdiyi torpaqlardan çəkilmək zorunda qalacaq, öz inqilabını başqa ölkələrə ixrac edə bilməyəcəkdi.
Ancaq elm sahəsində geridə qalmış hesab edilən, aqrar ölkə sayılan SSRİ-də həyatını fizika elminə, atom fizikasına həsr edən İqor Vasilyeviç Kurçatov kimi alimlər ölkənin və dünyanın taleyini başqa cür dəyişdilər. Təkqütblü dünyanın necə olacağını bilmək olmazdı və heç zaman olmayacaq.
İmkanlı uşaqlıq, kasıb gənclik
1903-cü ilin yanvarımda Rusiya imperiyasının Ufa quberniyasında, Sim şəhərində doğulmuş İqor imkanlı və savadlı ailədə doğulub-böyüyüb, yaxşı təhsil alıb. 1908-ci ildə onun ailəsi Simbirskə köçüb. 1912-ci ildə Kurçatovun ailəsi yenidən yurd dəyişib, bu dəfə ailə Simferopola yerləşib və kasıblayıb. 9 yaşlı İqor təhsilini davam etdirə-etdirə peşə məktəbində çilingər ixtisası qazanıb və Tissenin kiçik mexanika zavodunda işləyib.
Simferopolda gimnaziyanı əla qiymətlərlə başa vuran İqor Kurçatov qızıl medal ala bilmyəyib. Ölkədə gedən vətəndaş müharibəsi üzündən hökumət medal verilməsini dayandırıb. 1920-ci ilin sentyabrında Kurçatov Tavriya universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1923-cü ilin yayında o, aclıq çəksə də, ehtiyac içində olsa da, universiteti vaxtından əvvəl müvəffəqiyyətlə bitirib. Yay boyunca gənc İqor gah dəmiryol tikintisində əmək sərf edib, gah da tərbiyəçi işləyib, bir miqdar pul qazanmağa çalışıb. Həmin il o, Petroqrad politexnik institutunun gəmiqayırma fakültəsinin 3-cü kursuna qəbul olunub.
Bakıda keçən günlər
1924-cü ilin yayında Feodosiyada hidrometeoroloji mərkəzdə işləyib. Pavlovsk maqnit-meteoroloji rəsədxanada professor Obolenskinin rəhbərliyi altında ilk elmi işini yazıb. Politexnik universitetini bitirdikdən sonra İqor Kurçatovun yolu bizim Bakıya düşüb. O, burada Azərbaycan Politexnik Universitetinin fizika kafedrasında assistent işinə qəbul olunub. Qısa çəkən Bakı dövrü Kurçatovun həm elmi həyatında, həm də ailə həyatında xüsusi tol oynayıb.
1925-ci ildə Kurçatov Bakıda birgə işlədiyi professor C.Usatının tövsiyəsi ilə Leninqradda Fizika-texnika institurunda akademik İoffenin rəhbərliyi altında elmi işçi olub.
1927-ci ildə gələcək akademik həmkarı və dostu Kiril Sinelnikovun bacısı Marina ilə evlənib. İqor Kurçatov Kirll Sinelnikovla Bakıda tanış olubmuş.
Elm yolunda iri addımlarla
1927-ci ildən 1933-cü ilə qədər o, Leninqrad Politexnik İnstitutunun dosenti vəzifəsində işləyib.
Kurçatov öz elmi fəaliyyətinə dielektriklərin xassələrinin öyrənilməsi ilə məşğul olaraq başlayıb.
1932-ci ildə SSRİ-də atom nüvəsi fizikasının öyrənilməsi başlananda Kurçatov İoffenin təşəbbüsü ilə Leninqrad Fizika-Texnika İnstitutunda yaradılmış atom nüvəsinin öyrənilməsi laboratoriyasına təhbərlik edib. Həmin il Qamov (sonradan o, ABŞ-a mühacirət edib) və Mısovski elmi şuraya yeni avadanlığın layihəsini təqdim ediblər. Kurçatov, Qamov və Mısovskinin birbaşa iştirakı ilə Avropada ilk dəfə siklotron (1937-ci ildə) yaradılıb və Kurçatov öz araşdırmalarını məhz bu qurğuda başlayıb.
1933-cü ildə artıq professor olan Kurçatov atom nüvəsi üzrə ümumittifaq konfransının təşkilat komitəsinə rəhbərlik edib. Bu konfrans Leninqradda baş tutub və onun işində aparıcı sovet alimləri, eləcə də əcnəbi mütəxəssislər iştirak edib.
Gəmiləri minalardan xilas edən
Müharibə dövründə Kurçatov gəmilərin maqnitli minalardan müdafiəsi üçün üsul işləyib hazırlayıb və Qara dəniz donanmasının gəmilərinin faşist minalarında yüz faiz qorunmasını təmin edib.
Kurçatovu “sovet atom bombasının atası” adlandıranlar nə yanılmırlar, nə də onun xidmətini şişirtmirlər. Kurçatov 1942-ci ildən ölümünə qədər sovet atom layihəsinin rəhbəri olub.
Atom nüvəsinin öyrənilməsi işi startda sırf elmi araşdırma səciyyəsi daşıyıb. Təhqiqatı şəxsən Stalin kurasiya edib, cari məsələlərə kimya sənayesi naziri Pervuxin cavabdeh olub.
1943-cü ildə işlər əlavə mütəxəssislərin cəlb edilməsini tələb etdiyindən Kurçatov bir sıra alimləri, o cümlədən Yerşovu evakuasiyadan geri çağırıb. Yerşovun qarşısına uran karbidinin və metal uranının alınması vəzifəsi qoyulub.
1944-cü ildə Kurçatov ordudan və hərbi-dəniz donanmasından tərxis olunan mütəxəssislərin sayəsində 2 saylı laboratoriyanın yaradılmasına nail olub.
Stalini qorxudan bombalar
Sovet dövlətinin ali rəhbərliyi, nazirlər, generallar bu işə xüsusi önəm veriblər, Kurçatovun bütün tələb və xahişlərini yerinə yetiriblər.
1945-ci ilin avqustunda, ABŞ Yaponiyanın iki şəhərini – Xirosima və Naqasaki şəhərlərinə atom bombası atandan 10 gün sonra Stalinin əmri ilə atom sənayesinin yaradılması üçün xüsusi komitə yaradılıb və 1-ci idarə təsis olunub. İdarəyə Vannikov rəhbərlik edib, Kurçatov isə layihənin elmi hissəsinin başçısı olub və texniki şuranın heyətinə daxil edilib.
Belə anlaşılır ki, Stalin Yaponiyanın şəhərlərinin bombalanmasından çox qorxub və öz bombasını yaratmaq işini sürətləndirməyi qərara alıb. Həmin vaxt ABŞ dünyada ilk və yeganə nüvə dövləti olduğundan beynəlxalq danışıqlarda ritorikasını sərtləşdirib və SSRİ-yə Berlin və Çexoslovakiya məsələsində təzyiqlər göstərib. Stalin ABŞ-ın dilinin nüvə silahına görə uzandığını anlayıb və onu yerində oturtmağın tək yolunun atom bombası əldə etməkdə görüb. ABŞ-da isə güman edirmişlər ki, SSRİ atom bombası əldə etmək imkanında deyil və bu perspektivdən uzaqdır.
SSRİ-də isə atom layihəsi üzrə işlər gecə-gündüz davam edib. Layihənin iştirakçılarından biri olan İ.Qolovin xatırlayır: “Vannikov və Kurçatov bir-birini əla tamamlayırdılar. Kurçatov elmi məsələlərin həllinə cavabdeh idi və mühəndislərin, elmi işçilərin düzgün yönəldilməsini təmin edirdi, Vannikov isə sənayenin sifarişlərin tezliklə yerinə yetirilməsini və işlərin koordinasiyasını təmin edirdi”.
Nəyin bahasına olursa-olsun, atom bombası yaratmaq
1946-cı ildə Kurçatov dövlətin ali rəhbərliyi ilə görüşəndən sonra Stalin nüvə sahəsinə dair 60-a yaxın sənəd imzalayıb, atom enerjisinin istehsalı üçün reaktorlar tikilib, nüvə fiziklərinin həyat şəraiti kəskin şəkildə yaxşılaşıb, bu sahə prioritet istiqamət elan edilib.
Reaktorun konstruksiyası üzündən ilk uğursuzluq əmələ gəlib. Bir müddət problemin qaynağı bilinməyib, ancaq sonra rütubət siqnalizasiyası sistemini dəyişmək lazım olduğu bilinib. Bir dəfə də az qala Kurçatov özü oturduğu masanın arxasındaca güclü şüalanmaya məruz qalacaqmış, həmin vaxt qalxıb digər avadanlıqlara nəzarət etməsinə görə həyatı xilas olub.
Nəhayət, 1949-cu ildə Lavrenti Beriyanın kuratorluğu altında həyata keçirilən hərbi nüvə proqramı öz bəhrəsini verib. 1949-cu ildə ilk sovet atom bombası olan RDC-1-in sınaq partlayışı həyata keçirilib. Bu, artıq o demək idi ki, ABŞ dünyada yeganə söz sahibi ola bilməyəcəkdi, planlarına mane olan hər kəsi, xüsusilə də SSRİ-ni yeni müharibə ilə (yəni atom bombası ilə) hədələməyə son qoyacaqdı.
Villa, lüks maşın, yarım milyonluq mükafatlar, fəxri adlar, ordenlər…
Kurçatovun ölkə qarşısında xidməti mükafatsız qalmayıb, onu akademik seçib, atom reaktorlarının və atom bombasının yaradılması üzrə elmi rəhbər təyin ediblər. Alim Sosialist Əməyi Qəhrəmanı fəxri adıyla, “Lenin” ordeniylə təltif olunub. Bundan başqa, Kurçatova yarım milyon rubl (üstəlik, əvvəlki 500 minlk mükafatının 50 faizi) həcmində mükafat verib, ZİS-110 avtomobili bağışlayıblar.
Akademikin mükafatlandırılması bunlarla bitməyib. Alimə birinci dərəcəli Stalin mükafatı da verilib. Daha sonra dövlət hesabına onun üçün hər bir şəraiti olan xüsusi imarət inşa edilir və akademikin şəxsi mülkiyyətinə verilib. Alimin maaşı ikqat artırılıb. Ona və həyat yoldaşına SSRİ ərazisində dəmiryolda, su və hava nqliyyatında pulsuz gediş-gəliş haqqı verilib.
Ümumilikdə Kurçatov 3 dəfə Sosialist Əməyi Qəhrəmanı, bir o qədər də “Lenin” ordeni və başqa ordenlər alıb, bir neçə dəfə SSRİ Ali Sovetinin deputatı seçilib, saysız-hesabsız təltiflərlə mükafatlandırılıb. O, sosialist ölkəsində yaşasa da, əsl milyonçu həyatı sürüb. Bütün bunları o, ağlının və sovet dövlətinə xidmətinin nəticəsində qazanıb.
Akademikin vaxtsız vəfatı
1960-cı ilin fevralında isə böyük alim vaxtsız vəfat edib. Həmin vaxt o, Barvixada sanatoriyada dincələn akademik dostu Yuli Xaritonun yanına gedibmiş. Dostlar yanaşı oturub söhbət edərkən birdən pauza yaranıb, Xariton dönüb Kurçatova baxarkən görüb ki, o, artıq keçinib. Akademikin ölümü ürəyindəki trombdan olub. Həmin vaxt onun 57 yaşı olub.
İndi dünyada 9 nüvə dövləti var. İsraildən başqa digər dövlətlər (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya) nüvə silahları olduğunu etiraf edirlər. İran da “nüvə klubu”na qoşulmağa çalışır. Rusiya bu klubun ən qüdrətli və çoxraketli üzvüdür. Bu dövlətin bugünkü ötkəmliyi də məhz İqor Vasilyeviçin titanik əməyinin, dərin ağlının hesabınadır.
KONKRET.az