Azərbaycanda boşanmaların sayının artması ilə paralel olaraq əmlak bölgüsü ilə bağlı mübahisələr də gündəmdə qalmaqda davam edir. Xüsusilə də ailələrdə ən çox müzakirə olunan məsələlərdən biri nikah dövründə əldə olunmuş əmlakın taleyi və bu əmlakdan uşaqlara pay düşüb-düşməməsi ilə bağlıdır. Bir çox valideynlər düşünür ki, boşanma zamanı ev və digər mülklər avtomatik olaraq uşaqlar arasında da bölünməlidir, lakin hüquqi reallıq bu gözləntilərlə nə dərəcədə üst-üstə düşür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, Azərbaycan qanunvericiliyində uşaqların valideynlərin birgə əmlakından pay alması nəzərdə tutulmayıb:

Onun sözlərinə görə, istər Ailə Məcəlləsində, istərsə də Mülki Məcəllədə belə bir norma yoxdur ki, boşanma zamanı uşaqlara birbaşa əmlak payı ayrılsın:
“Birgə nikah dövründə əldə olunmuş əmlak ər və arvadın ümumi mülkiyyəti hesab olunur. Bu o deməkdir ki, həmin əmlak yalnız onların arasında bölünür. Uşaqların bu əmlakdan pay alması qanunvericilikdə nəzərdə tutulmayıb və praktikada da belə hal tətbiq edilmir.
Boşanma zamanı əsas prinsip ər və arvadın əmlak hüquqlarının qorunmasıdır. Uşaqlar isə birbaşa əmlak bölgüsündə tərəf kimi çıxış etmirlər. Bununla belə, onların maraqları tamamilə diqqətdən kənarda qalmır.
Belə ki, məhkəmə uşağın kimin yanında qalmasını müəyyən edərkən onun yaşayış şəraitini, sosial təminatını və digər vacib amilləri nəzərə alır. Bundan əlavə, uşağın saxlanılması üçün aliment öhdəliyi müəyyən edilir ki, bu da dolayısı ilə uşağın maddi təminatına xidmət edir”.
Ekspert vurğulayır ki, valideynlər istədikləri halda öz razılaşmaları əsasında əmlakın müəyyən hissəsini uşağın adına rəsmiləşdirə və ya ona bağışlaya bilərlər. Lakin bu, qanunun tələbi deyil, könüllü addımdır.
Beləliklə, mövcud qanunvericiliyə əsasən boşanma zamanı əmlak yalnız ər və arvad arasında bölünür, uşaqlara isə birbaşa pay düşmür. Uşaqların hüquqları isə daha çox onların təminatı və yaşayış şəraitinin qorunması istiqamətində təmin edilir.
Aynurə İsmayıl
KONKRET.az
