Qərbi hərbi veteranı olan keçmiş Britaniya SAS (Xüsusi Hava Xidməti) və ABŞ xüsusi təyinatlı döyüşçülərinin Rusiya vətəndaşlarına döyüş bacarıqları öyrətdiyi iddia edilir.
KONKRET.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri “yüksək dərəcəli əminliklə” hazırlanmış Avstraliyanın ASIS kəşfiyyatının məxfi arayışına istinadən məlumat yayıb.
Avstraliya xüsusi təyinatlılarının məlumatına görə, təlimlər Serbiya və Bolqarıstandakı kommersiya mərkəzlərində həyata keçirilib. Xüsusilə, Bolqarıstanın “Alfa-Metal” şirkəti hər nəfər üçün 4 min avro ödəniş müqabilində snayperdən istifadə və yaxın məsafədən döyüş kursları təşkil edib, hətta 2025-ci ildə də Rusiya Federasiyasından olan müştəriləri qəbul etməyə davam edib. Şirkət öz xidmətlərində britaniyalı təlimçilərin adını reklam edib və əvvəllər Rusiyanın “Alfa Region” mühafizə strukturu ilə əməkdaşlıq edib.
“Alfa-Metal” Rusiya vətəndaşlarının öyrədildiyini və müharibə başladıqdan sonra SAS döyüşçülərinin cəlb olunduğunu qəti şəkildə təkzib edib. Britaniya xüsusi təyinatlılarındakı mənbələr də həmkarlarının bu prosesdə iştirakına şübhə ilə yanaşaraq bunu xidmət dəyərlərinin pozulması adlandırıblar. Böyük Britaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib, Avstraliya kəşfiyyatı isə məlumatları “Beş göz” (Five Eyes) alyansına təqdim etmək üçün araşdırmalarını davam etdirir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
