Zaman-zaman yol hərəkəti nişanlarının düzgün yerdə quraşdırılmaması səbəbindən vətəndaşların cərimələnməsi ilə əldaqədar şikayətləri dərc etmişik. Onlar qeyd edirlər ki, yol nişanlarını müxtəlif səbəblərdən görə bilmirlər və sonda cərimə ödəməyə məcbur olurlar. Bir çox hallarda isə ağac buraqları həmin nişanları görməni məhdudlaşdırır.
Bəs görəsən, bundan çıxış yolu nədir?
Mövzu ilə bağlı KONKRET.az–a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, yollarda qeyri-mücərrət vəziyyət yaradılmamalıdır:
“Belə halları asan yolla cərimə yazmaq, sürücüləri tələyə salmaq, diqqətsiz yanaşma, hətta mədəniyyətsizlik kimi də qiymətləndirmək olar. Baxın, aidiyyəti qurumlar işlərinin öhdəsindən düzgün gələ bilmədikləri üçün bu kimi hallar yaşanır. Yol təhlükəsizliyi ilə bağlı bu cür səhvlər, qeyri-mücərrəd vəziyyət yaradılmamalıdır. Sürücü asan şəkildə nişanları görməlidir. Bəzən yol nişanı qoyulduqdan sonra yaşıllaşdırma idarələri onların qarşısında ağac əkir. Bu, mədəniyyətsizlikdir. Rayon icra hakimiyyətlərində də bu kimi yanaşmalar olur. Yol nişanlarının qarşısında yolka əkirlər və ya piyada keçidinin ətrafında yaşıllaşdırma salırlar, sürücü də keçidi görmür, nəticədə insan ölümləri qeydə alınır”.
Ekspert vurğuladı ki, burada əsas məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) üzərinə düşür:
“Yollara bir neçə qurum nəzarət edir. Onlar da kefləri istəyəndə gül əkirlər və ya onları yığışdırırlar. Əcaib şərait yaranır və sürücülər əsassız cərimələnir. Hamı öz işini düzgün görməlidir. Qeyd etdiyim kimi, ən böyük biabırçığı Ekologiya və Təbii Sərvətlər Nazirliyi edir. AYNA dəfələrlə il ərzində müəyyən edilmiş ağacların budanması ilə bağlı nazirliyə müraciət edir. Amma nəticə olmur. Yekunda, sürücülər cərimələnir, insanlara qarşı haqsızlıq olur. Bunlar başqa işlərlə məşğul olurlar. Vətəndaşlar şəxsi təşəbbüs göstərib ağacları budadıqda isə nazirlik ortaya çıxıb onları cərimələyir. Lazım olduqda isə tapmaq mümkün olmur. Bakı şəhərində 100-dən çox “jek” ağacları budadığı üçün nazirlik tərəfindən cərimələnib. ETSN gözləyir ki, insanlar xəsarət alsın, ölsünlər ondan sonra hərəkətə keçsinlər. Məsuliyyətsizlik səbəbindən neçə ailə gözü yaşlı qala bilər”.
Məlik Məlikov,
KONKRET.az