Türkiyə Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün keçiriləcək növbəti danışıqlar raunduna ev sahibliyi etməyə hazırdır. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya-ASEAN sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada Ankara ilə bu istiqamətdə təmasların davam etdiyini bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Uşakov Türkiyənin sülh prosesindəki aktiv rolunu vurğulayıb. O, daha əvvəl Türkiyədə baş tutan bir neçə danışıqlar raundunu xatırladaraq, Ankara ilə rəsmi Moskvanın bu formatı dəyərləndirdiyini qeyd edib: “Siz bilirsiniz ki, artıq bir neçə raund danışıqlar keçirilib. Dünən isə Türkiyə rəhbərliyinin Ukrayna böhranının tənzimlənməsi üzrə gələcək təmaslar üçün platforma təmin etməyə hazır olduğu bir daha təsdiqləndi”.
Xatırladaq ki, müharibənin ilk mərhələlərində İstanbul Rusiya və Ukrayna nümayəndə heyətlərinin birbaşa təmas nöqtəsi kimi çıxış edib. Türkiyənin bu istiqamətdəki diplomatik səyləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Moskvanın bu bəyanatı Ankara-Moskva xəttindəki diplomatik dialoqun aktiv fazada qaldığını və Türkiyənin sülh platforması kimi rolunun hələ də aktual olduğunu nümayiş etdirir.
Natiq Səlim,
KONKRET.az
