Azərbaycan müstəqilliyin ilk illərindən müxtəlif səpkili problemlərlə üzləşmişdir. Həmin problemlər özünü həm ölkə daxilində və həm də xaricdə büruzə vermişdir. Bununla belə, Azərbaycan xalqı ən çətin məqamlarda dik durması ölkəmizin inkişafını sürətləndirən əsas amillərdən olmuşdur. Keçən əsrin 90-cı illərinin ortalarından başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur.
İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
Hələ 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi” sonradan Azərbaycan iqtisadiyyatında nəzərəçarpan inkişafa gətirib çıxarmışdır. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir. Eyni zamanda, xaricdən ölkəmizə investisiya qoyuluşlarının artımı bütövlükdə iqtisadiyyatın dirçəlməsinə təkan vermiş və insanların sosial həyatına birbaşa təsir göstərmişdir.
Azərbaycanın regionlarında sosial-iqtisadi inkişafın gücləndirilməsi, ölkənin ümumi inkişafını dəstəkləmək, regionlar arasında tarazlılıq yaratmaq və sosial rifahı artırmaq məqsədini daşıyan çoxsaylı proqramları və strategiyaları əhatə edir. Bu məqsədlə ölkəmizdə bir sıra həyata tədbirlər və təşəbbüslər həyata keçirilir. Azərbaycanın regionlarında sosial-iqtisadi inkişafın gücləndirilməsi məqsədilə həyata keçirilən strategiyalar, dövlətin regional siyasətinin əsasını təşkil edir. Bu tədbirlər, regionların özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq, iqtisadiyyatın şaxələndirilməsi, iş yerlərinin yaradılması, sosial infrastrukturun inkişafı və əhalinin rifahının yaxşılaşdırılması məqsədini güdür.
Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir.
Artıq gözlə görünən bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olublar. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.
Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Kənan Quluzadə bildirib ki, regionların sosial-iqtisadi inkişafının təşviqi ölkə üzrə balanslı iqtisadi artımın təmin edilməsinə xidmət edir.

Onun sözlərinə görə, bölgələrdə infrastrukturun təkmilləşdirilməsi, investisiyaların cəlb edilməsi və sahibkarlığa dəstək mexanizmlərinin gücləndirilməsi iqtisadi fəallığın artmasına səbəb olur:
“Regionlarda sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarının inkişafı yeni məşğulluq imkanları yaradır. Eyni zamanda, yerli istehsalın genişlənməsi daxili bazarın güclənməsinə və ixrac potensialının artırılmasına töhfə verir. Bu istiqamətdə dövlət proqramlarının davamlı icrası bölgələr arasında inkişaf fərqinin azalmasına şərait yaradır”.
İqtisadçı qeyd edib ki, regionların iqtisadi potensialından səmərəli istifadə edilməsi paytaxta miqrasiyanın azalmasına və əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərir.
Qeyd edək ki, son illər regionların inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları çərçivəsində infrastruktur layihələri, istehsal müəssisələri və sosial obyektlərin yaradılması üzrə işlər davam etdirilir.
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.
Aynurə İsmayıl
KONKRET.az

