Ötən gün Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında yayılan intim görüntüləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox insanlar dövlət müəssisəsində baş verən hadisəni kəskin şəkildə pisləyib və bunu ölkəmizin imicinə xələl gətirən fakt kimi xarakterizə edib. Doğrudur yayılan görüntülərin əsas “qəhrəman”ı Zaur Mirzəyev dərhal tutduğu vəzifədən kənarlaşdırılsa da, onun bu əməli niyə törətdiyi hələlik sirr olaraq qalır. Lakin fakt ondan ibarətdir ki, baş verənlər cəmiyyətin psixologiyasına təsir etməklə yanaşı, həm də hüququn tapdalanmasıdır.
Mövzunu KONKRET.az-a şərh edən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, baş verənlər qanun pozuntusudur. Çünki şəxsi həyat bütün hallarda qanun çərçivəsində qorunur: “Həmin şəxslərin razılığı olmadan onların video və foto şəkillərinin yayımlanması ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulub. Burada söhbət qanun pozuntusundan gedir. O insanların kimliyindən, hadisənin harada baş verməsindən aslı olmayaraq, bunu çəkmək və yaymaq qanuna zidd hərəkət, şəxsi həyata müdaxilə və məsuliyyət doğuran bir haldır. Bu kimi videoların yayımlanması şəxsi maraq naminə həyata keçirilir. Cəmiyyət buna etiraz etsə və görüntülər paylaşılmasa, o zaman həmin insanlar öz niyyətlərinə çatmayacaqlar. Ancaq çox təəssüf ki, cəmiyyət ajiotaj yaşayır. Çünki artıq neçənci dəfədir ki, dövlət orqanlarında bu kimi hallar baş verir. Belə halların qarşısını almaq üçün konkret addımlar atılmalı, şəffaflığa üstünlük verilməlidir. Görünür iş yerində şəffaflıq olmadığı üçün korrupsiya, əxlaqsızlıq kimi bir çox hallarla tez-tez rastlaşırıq”.

Əsabəli Mustafayevin sözlərinə görə, dövlət orqanlarında çalışan hər kəsin şəxsi otağı, qəbul şöbəsi var: “Bunların hamısı əxlaqsız hərəkətlərin, korrupsiya hadisələrinin yaranmasının əsas səbəbidir. İnkişaf etmiş ölkələrə baxdıqda görürük ki, özəl şirkətlərdə, o cümlədən dövlət orqanlarında insanlar şəffaf arakəsməsi olan böyük zallarda kollektiv şəkildə çalışır. Kollektiv nəzarıtin olduğu yerdə isə korrupsiya, əxlaqsızlıq və bu kimi hallar yolverilməzdir. İnsanları işə qəbul edən zaman mütləq onların mənəvi keyfiyətlərinə, nizam-intizamına diqqət yetirmək lazımdır. Qeyd etməliyəm ki, işəgötürmə zamanı dəyərlərə diqqət yetirilməli, həmin şəxslərin mənəvi-əxlaqi keyfiyyətləri nəzərə alınmalıdır. Bizdə isə ancaq onların peşə fəaliyyətinə qiymət verilir. Qadınlara da aşılamaq lazımdır ki, onlar öz şərəf və ləyaqətini qorusunlar. Cəmiyyətə bu cür videolar aşılamaq doğru deyil. Bu, fərdi məsələdir, ancaq zərərli tərəfləri həddindən artıq çoxdur”.
Məsələnin psixoloji tərəfləri ilə bağlı saytımıza tanınmış psixoloq Vəfa Rəşidova danışıb. O, bu kimi halların cəmiyyətə ciddi təsir etdiyni deyib: “Bu mövzuların cəmiyyətə açıq olması mənfi haldır, Düşünürəm ki, iş vaxtı bu cür hərəkətlərə yol vermək heç bir məntiqə sığmır. Amma bunu paylaşaraq afişa etmək etik çərçivəni aşır və insanlarda məhrəmiyyət pərdəsini ortadan qaldırır. Məhrəmiyyət hissi azalır və bu kimi hallar insan psixologiyasında adiləşir. Onların şüur altısında oturur. İnsanlar düşünür ki, Fövqalədə Hallar Nazirliyində vəzifədə olan şəxs bunu asanlıqla edə bilirsə və bu kimi videolar rahatlılıqla paylaşılırsa, o zaman baş verənlər normal hərəkətdir və digər insanların da bu əməli törətməsi mümkündür. Bu hallar tək etik baxımdan deyil, həm də nazirliyin nüfuzunun cəmiyyət arasında azalması nöqteyi-nəzərdən doğru deyil. Əgər iş yoldaşları bir-birini sevirsə, bu, normaldır. Amma bunu iş vaxtı büruzə vermək olmaz”.

Psixoloq əlavə edib ki, bu görüntülər insanlarda işə qarşı məsuliyyət hissini azaldır: İnsanlarda belə təəssürat yaranır ki, məsuliyyətli işdə çalışan insanlar etinsızdırsa, biz də bu cür olmalıyıq. Bu, həmçinin sözügedən qurumda işləyən digər əməkdaşlara da zərərdir. Bənzər məsələlərin qarşısını almaq üçün insanların hadisəyə münasibəti fərqli olmalıdır. Onu deyə bilərəm ki, bu məsələni korreksiya etmək lazımdır. O haqda danışmaq, qabartmaq, paylaşmaq və müzakirəyə çıxarmaq düzgün deyil. Biz insanlara normal yanaşın deyə bilmərik. Ancaq bu haqda danışmamaq və müzakirəyə çıxarmamaqla mövcud vəziyyəti korreksiya etmək olar”.
Arifə Kərimzadə,
KONKRET.az
