Çox çipsi yeyən oğlanlar qadın kimi olur? — Həkim gerçəkləri açıqladıbackend

Çox çipsi yeyən oğlanlar qadın kimi olur? — Həkim gerçəkləri açıqladı

Sosial şəbəkələrdə tez-tez rast gəlinən iddialardan biri “çips yeyən oğlanlarda sinə böyüməsi olur” fikridir. Bu mövzu valideynlər arasında narahatlıq yaratsa da, elmi yanaşma göstərir ki, məsələ daha mürəkkəbdir və birbaşa səbəb-nəticə əlaqəsi kimi izah edilə bilməz.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı pediatr Elşən Tağıyev Demokrat.az-a bildirib ki, cips və ya digər paketlənmiş qidaların tərkibində elə bir maddə yoxdur ki, birbaşa hormonal təsir göstərərək döş toxumasının böyüməsinə səbəb olsun:

“Bu iddia daha çox sosial şəbəkələrdə yayılan şəhər əfsanəsi xarakteri daşıyır. Bununla belə, tamamilə əlaqəsiz demək də doğru olmaz. Yetkinlik dövründə oğlanların təxminən yarısında fizioloji ginekomastiya müşahidə oluna bilər. Bu, hormonların təbii dəyişimi ilə bağlıdır və estrogen ilə testosteron balansının müvəqqəti pozulması nəticəsində yaranır. Əksər hallarda bu vəziyyət bir-iki il ərzində müdaxiləsiz şəkildə öz-özünə keçir. Daha real risk faktoru isə qidalanma və çəki artımıdır. Çips kimi yüksək kalorili və yağlı qidaların həddindən artıq və müntəzəm istifadəsi piylənməyə səbəb ola bilər. Bədəndə artan piy toxuması isə testosteronun estrogenə çevrilməsini sürətləndirən aromataza fermentinin aktivliyini artırır. Nəticədə ginekomastiya yarana və ya mövcud vəziyyət güclənə bilər. Burada əsas problem çipsin özü deyil, ümumi kalori balansının pozulmasıdır”.

Pediatr deyib ki, paketlənmiş qidalar ümumilikdə zəhərli məhsul deyil, lakin onların tərkibində yüksək duz miqdarı, trans yağlar və həddindən artıq istehlak halları sağlamlıq üçün risk yarada bilər:

“Ara-sıra istifadə isə sağlam uşaqlarda ciddi problem yaratmır, əsas məsələ qəbul tezliyi və miqdarın nəzarətdə saxlanılmasıdır. Valideynlər üçün əsas məqam panikaya qapılmamaqdır. Əksər hallarda döş toxumasındakı dəyişikliklər fizioloji xarakter daşıyır. Lakin ağrılı, asimmetrik və iki ildən uzun davam edən hallarda mütləq həkimə müraciət olunmalıdır. Qidalanma vərdişlərində isə qadağa yanaşmasından çox, balanslı və nəzarətli istehlak modelinə üstünlük verilməsi daha doğru hesab olunur”, – deyə o qeyd edib.

Beləliklə, sosial şəbəkələrdə yayılan və cəmiyyətdə narahatlıq doğuran populyar iddiaların elmi əsaslarının dərindən araşdırılması tibbi həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynayır. Paketlənmiş qidaların oğlan uşaqlarında hormonal pozuntulara birbaşa təsir göstərməsi fikri şəhər əfsanəsi olsa da, bu növ qidaların səbəb olduğu piylənmə və çəki artımı dolayı yolla bədəndəki hormonal balansı dəyişə bilər. Valideynlərin əsassız qorxulardan uzaq durması, uşaqların qidalanma rasionunda sərt qadağalar qoymaq əvəzinə balanslı istehlak modelini tətbiq etməsi və şübhəli fiziki dəyişikliklər zamanı panikaya düşmədən birbaşa mütəxəssis rəyinə müraciət etməsi sağlam gələcəyin təmin olunması baxımından ən doğru addımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*