Diaspor və lobbiçilik: Qürbətdəkilərin TARİXİ – ƏTRAFLIbackend

Diaspor və lobbiçilik: Qürbətdəkilərin TARİXİ - ƏTRAFLI

Bütün dövrlərdə milli kimlik ideyası aktual olub və hər bir xalqın varlığında mühüm rol oynayıb. Müəyyən tarixi mərhələlərdən keçən bu proses sonradan təkmillləşərək xalqların tarixində mühüm yer tutub.

Dünyadakı hər bir xalq özünün yaşam coğrafiyasına malikdir və doğulub yaşadığı ərazi hər bir kəsin ana vətəni hesab edilir. Vətəndən ayrı düşənlər  həyatlarının sonuna qədər ana yurda bağlı olurlar. Sadəcə onların kompakt halında yaşaması və ya təşkilatlanması üçün şərait yarandıqda, həmin toplum gücünü birləşdirərək mənsub olduğu xalqın mənafeyi üçün məqsədyönlü iş qurur.

Burada isə diaspor və lobbiçilik fəaliyyətləri ön planda durur. Əslində diaspor və lobbiçilik ayrı- ayrı anlayışlar olsa da, mahiyyət etibarı ilə xalqların mənafeyinə xidmət edir. Diaspor sosial-mədəni xarakter daşıyırsa, lobbi siyasi və iqtisadi əhəmiyyətə malikdir. Diaspor öz tarixi-etnik torpaqlarından kənarda yaşayan, öz etnik kimliyini qoruyub-saxlayan insan toplusudur. Diaspor anlayışının əsas amili hər hansı etnik qrupun ölkə xaricində yad etnosların əhatəsində yaşamasıdır.

Lobbiçilik isə təkcə bu və ya digər qrupun sosial, siyasi və iqtisadi maraqlarının müdafiəsi olmayıb, əslində formal hakimiyyəti faktiki hakimiyyətlə hesablaşmağa vadar edən bir mexanizmdir. Lobbiçilik hər hansı qruplar marağının müdafiəçisi deyil, həm də cəmiyyət və hakimiyyət münasibətlərinin tənzimlənmə sisteminin vacib elementidir.

Deməli xaricdə formalaşan, ayr-ayrı xalqların təşkilatlandığı diaspor və lobbiçilik fəaliyyətləri həmin xalqın mənafeyi üçün önəmli rol oynayır.

Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız yaşayırlar.

Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya edən soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib.

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlədir. Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşan azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.

Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçən azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

Afrika qitəsində  azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının  yaşadığı barədə məlumatlar  var.

Ümummilli Lider Heydər Əliyevi də daim dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın taleyi maraqlandırırdı. 1993- cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər ölkənin ağır durumuna baxmayaraq, diaspor quruculuğuna ciddi yanaşması da bu amillə bağlı idi. Səfər etdiyi xarici ölkələrdə dünya azərbaycanlıları ilə görüşən Heydər Əliyev onların sosial qayğılarından tutmuş, siyasi mövqelərinə qədər maraqlanır, dünyanın dörd bir yanına səpələnən soydaşlarımızın qayğılarına ciddi yanaşırdı.

Elə bunun nəticəsi idi ki, ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirilməsi haqqında” 2001-ci il mayın  23-də 724 nömrəli Sərəncam imzaladı. Həmin il  noyabr ayının 9–10-da  isə Bakıda ilk qurultay keçirildi.

Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb edən, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin – quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoydu. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. 2002-ci ilin dekabrında qəbul olunan “Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etdi.

Beləliklə, dünya azərbaycanlılarının vahid təşkilatda birləşməsi üçün mühüm addımlar atıldı. Artıq Azərbaycanın diaspor təşkilatları formalaşmağa başladı. Ölkəmizin maraqlarının təmin olunması üçün konsepsiyalar işlənib hazırlandı. Diaspor fəaliyyəti ilə məşğul olan ictimai təşkilatlar yarandı və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün xüsusi iş qrafikinə keçildi. Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı aparılan kampaniyalar az müddətdə öz bəhrəsini verdi və əsrin faciəsi dünya ictimaiyyətinə bütün detallar üzrə izah olundu. Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının həmrəyliyinin də şahidi olduq.

Üç il əvvəl erməni diasporunun dünyanın əksər ölkələrində anti- Azərbaycan kampaniyasına soydaşlarımız vaxtında cavab verirdi. Azərbaycan həqiqətlərini dünyaya vaxtında çatdıran, Ermənistanı işğalçılıqda ittiham edən diaspor təşklilatlarımız bu sahədə mühüm işlər gördülər.

İndi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız müstəqil ölkəmizdəki ictimai-siyasi prosesləri izləyir və Azərbaycanın problemləriylə yaxından maraqlanırlar. Ermənistanın təxribatlarına cavab olaraq qürbətdə yaşayan azərbaycanlılar dərhal öz etirazlarını bildirir və beynəlxalq təşkilatlar qarşısında müəyyən tələblər irəli sürürlər.

Vəli Həsənov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

Qeyd: Yazıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarından istifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*