“Qumar kralı”nın adamları yenidən məhkəmə qarşısındabackend

“Qumar kralı”nın adamları yenidən məhkəmə qarşısında

Qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək qumar oyunları təşkil edən təqsirləndirilən şəxslər barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqı zamanı Sərxan Süleymanovun tanışları Təhmin Müslümzadə, Nicat Zülfüqarov, Nüslət Xəlilov və digər şəxslərlə əlbir olaraq cinayətkar niyyətlərini pərdələmək məqsədi ilə “Topaz” markası adı altında ticarət nümayəndəliyi (agent) barədə müqavilə bağlamaları, bu yolla 2017-2022-ci illər ərzində Bakı şəhəri və Abşeron rayonunda yerləşən bir sıra “Topaz” məntəqələrində ayrıca qumar oyunlarının təşkili nəticəsində 2 milyon 927 min manatdan artıq gəlir əldə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) və 244-1.4-cü (xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarını təşkil etmə və keçirmə) maddələri ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərə qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham əsassız hesab edilib. Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, dəymiş ziyanın əvəzi olaraq müttəhimlərə aid 1 milyon manatdan artıq qiymətləndirilən əmlaklar üzərindəki həbs qərarı ləğv edilib.

Hökmdən verilmiş protesti Apellyasiya Məhkəməsi əsaslı hesab edib. Prokuror təqsirləndirilən şəxslərə törətdikləri cinayətlərə münasibətdə yüngül cəza verildiyini hakim qarşısında bəyan edib. Qərara əsasən, əvvəlki instansiyanın hökmü ittiham tərəfinin xeyrinə ləğv edilib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonuncu məhkəmə zalında həbs edilib. Həmçinin dövlətə dəymiş ziyanın əvəzi olaraq üzərinə həbs qoyulmuş 1 milyon 324 min manatlıq əmlaklar müsadirə edilib.

Apellyasiya instansiyasının qərarını isə Ali Məhkəmə ləğv edib. Yüksək instansiya işdə qanun pozuntuları aşkar etdiyindən yenidən araşdırmaya qaytarıb. Bakı Apellyasiya Məhkəməsində təkrar araşdırmanın ilk iclasında müdafiə tərəfindən vəkil Hikmət Əliyev vəsatət qaldırıb.

Müdafiəçi müttəhimlərə münasibətdə çıxarılan 8 illik həbs qərarı ləğv edildiyindən yeni qərara kimi ev dustaqlığına buraxılmalarını istəyib.

Hakimlər vəsatətdə qeyd olunan arqumentləri əsaslı hesab edib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov ev dustaqlığına buraxılıb.

Qeyd: Mətbuatda təqsirləndirilən şəxslərin “Qumar kralı” Yusif Baqiyevin (“Şəkili Yusif”) adamları olduğu qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*