Təhsildə həyəcan siqnalı: Şagirdlərin yarıdan çoxu minimal standartlara belə cavab vermirsə, problem haradadır?backend

Təhsildə həyəcan siqnalı: Şagirdlərin yarıdan çoxu minimal standartlara belə cavab vermirsə, problem haradadır?

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin son açıqlaması ölkənin təhsil sistemi ilə bağlı illərdir səsləndirilən narahatlıqları bir daha təsdiqlədi. Nazir bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələrinə əsasən, bəzi siniflərdə şagirdlərin 50–70 faizi minimal təhsil standartlarına cavab vermir. Bu, sadəcə statistik rəqəm deyil. Bu, təhsil sisteminin ən həssas nöqtəsinə vurulan xəbərdarlıq zəngidir.

KONKRET.az xəbər verir ki, əgər ibtidai və əsas təhsilin başlanğıc mərhələsində uşaqların əksəriyyəti dövlətin müəyyən etdiyi minimum bilik və bacarıqları mənimsəyə bilmirsə, deməli problem ayrı-ayrı şagirdlərdə deyil, sistemin özündə axtarılmalıdır.

Beləliklə, bu rəqəmlər odeməkdir ki, minimal təhsil standartı yüksək nəticə deyil. Bu, hər bir şagirdin mütləq şəkildə mənimsəməli olduğu ən aşağı bilik və bacarıq səviyyəsidir. Yəni söhbət olimpiada qaliblərindən və ya yüksək bal toplayanlardan getmir.

Əgər bir sinifdə uşaqların yarısından çoxu bu minimum həddi belə keçə bilmirsə, bu o deməkdir ki, şagirdlər oxuyub-anlama bacarığını lazımi səviyyədə əldə edə bilmir, eləcə də riyazi məntiq və elementar hesablamalarda ciddi boşluqlar mövcuddur. Ən dəhşətlisi isə budur ki, sonrakı siniflərdə öyrədilən mövzuların mənimsənilməsi onlar üçün daha da çətinləşəcək. Belə olan halda isə ali məktəbə qəbul mərhələsində və əmək bazarında problemlər qaçılmaz olacaq.

Başqa sözlə, problem məktəbin ilk pillələrində başlayır və zaman keçdikcə daha da dərinləşir. Bu açıqlamanın ən diqqətçəkən tərəfi odur ki, onu müstəqil ekspert və ya müxalif siyasətçi deyil, məhz təhsil siyasətinə cavabdeh olan nazir səsləndirib. Bu isə göstərir ki, problemin miqyası artıq gizlədilə biləcək səviyyədə deyil. Əgər sistemə rəhbərlik edən şəxs özü etiraf edirsə ki, bəzi siniflərdə şagirdlərin 70 faizi minimal standartı keçmir, deməli vəziyyət həqiqətən də ciddi narahatlıq doğurur.

Belə hallarda tez-tez bütün məsuliyyət müəllimlərin üzərinə qoyulur. Halbuki bu, məsələyə çox sadə yanaşmadır. Təhsil sistemi zəncirvari mexanizmdir. Burada uğursuzluğun səbəbləri çoxşaxəlidir: Onlardan ən əsası, həmişə yazdığımız kimi məktəb rəhbərliyinin idarəetməsidir. Heç kimə sirr deyil ki, bu gün məktəblərin əksəriyyətində tədris prosesi çox aşağı səviyyədədir. Dərsliklərin keyfiyyəti isə ümumiyyətlə, biabırçılıqdır. Problemin əsas səbəblərindən biri ki, sosial-iqtisadi amillər, nazirin də çox əhəmiyyət vermədiyi repetitorluq sisteminin geniş yayılmasıdır. Bu amillərdən biri zəiflədikdə nəticə pisləşir. Bir neçəsi eyni anda problem yaradırsa, ortaya bugünkü mənzərə çıxır.

Xatırladaq ki, Misir Mərdanovun kurikulum sistemi də bir işə yaramadı.  Uzun illərdir tətbiq edilən systemin əsas məqsədi şagirdyönümlü, bacarıq əsaslı təhsil yaratmaq idi. Lakin monitorinq nəticələri göstərir ki, nəzərdə tutulan məqsədlərə tam nail olunmayıb. Əgər uzun illər tətbiq olunan modeldən sonra belə nəticələr ortaya çıxırsa, deməli proqramların, qiymətləndirmə mexanizmlərinin və metodik yanaşmaların yenidən təhlilinə ehtiyac var. Repetitorluq isə onu göstərir ki, artıq yalnız buraxılış və qəbul imtahanları üçün deyil, ibtidai siniflərdə bu hal belə geniş yayılıb. Bu isə məktəbin təkbaşına öz funksiyasını tam yerinə yetirə bilmədiyinə dair ciddi siqnaldır. Əgər valideyn övladının məktəb proqramını mənimsəməsi üçün əlavə müəllim tutmağa məcbur qalırsa, sistemdə struktur problemlərin olduğu görünür.

Nazirin bu açıqlamasını eşidəndə ona görə şok keçirdik ki, heç xaricdəki söyüş blogerləri belə danışmır. Belə çıxır ki, bir neçə ildən sonra bizim nəsil debil olacaq? Bu, nə yanaşmadır? Hanı sizin təhsil siyasətiniz? Cənab Əmrullayev, yəqin bilməmiş deyilsiniz ki, təhsil hər bir dövlətin strateji sərvətidir. Güclü iqtisadiyyat, innovasiya, elm və rəqabətqabiliyyətli insan kapitalı yalnız keyfiyyətli təhsil üzərində qurula bilər. Buna görə də bu cür monitorinq nəticələri sadəcə hesabat sənədlərində qalmalı deyil. Onlar köklü islahatların başlanğıc nöqtəsinə çevrilməlidir. Əks halda, bu gün minimal standartı keçə bilməyən şagirdlərin sayı sabah daha böyük sosial və iqtisadi problemlərin əsasını təşkil edəcək.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*