İnternetdə ucuz, vitrində isə baha satılan eyni məhsullar alıcılar arasında tez-tez suallar yaradır. Virtual və fiziki mağazalar arasındakı bu qiymət fərqi bir çox hallarda müştəriləri çaşbaş qoyur. İstehlakçılar çox vaxt bu fərqli qiymət siyasətinin hüquqi tərəflərini və hansı məqamda hüquqlarının pozulduğunu tam bilmirlər.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a bildirib ki, məhsulun qiyməti eyni xüsusiyyətlərə, parametrlərə və göstəricilərə malikdirsə, bir olmalıdır:
“Məhsulun nağd şəkildə satışının bir, onlayn qaydada satışının isə başqa qiymətdə olması satıcı tərəfindən əsaslandırılmalıdır. Məsələn, onlayn satış zamanı qiymətin üzərinə əlavə məbləğlər gəlirsə, bunun səbəbi mütləq qaydada alıcıya izah edilməlidir.
Ümumiyyətlə, dünya təcrübəsində bununla bağlı hər hansı vahid yanaşma mövcud deyil, mən belə bir təcrübə ilə rastlaşmamışam. Ancaq bəzi hallarda vətəndaşlardan artıq məbləğ tələb olunur. Məsələn, məhsulun nağd satış qiyməti 10 manatdırsa, nağdsız qaydada satış qiyməti 11 manat təqdim edilir. Satıcılar bunu əsasən bank və digər xərclərlə əsaslandırmağa çalışırlar. Bu isə tamamilə qanunsuz və yolverilməzdir. Çünki hər kəs əldə etdiyi ödənişin vergisini dövlət qarşısında bəyan etmək məcburiyyətindədir”,- deyə o qeyd edib.
Yəni onlayn platforma ilə mağaza arasındakı obyektiv xidmət fərqləri qanuni hesab edilsə də, nağdsız ödənişə görə qiyməti süni şəkildə artırmaq birbaşa qanun pozuntusudur.
