Rəqəmsal texnologiyaların sürətli inkişafı bir çox sahələrdə olduğu kimi, seçki sistemlərinin də gələcəyinə dair yeni müzakirələr yaradıb. Son illər müxtəlif ölkələrdə seçkilərin onlayn formatda keçirilməsi imkanları gündəmə gəlsə də, ekspertlər bu məsələyə ehtiyatla yanaşmağın vacibliyini vurğulayırlar.
Bəs gələcəkdə seçkilərin tamamilə onlayn qaydada keçirilməsi nə dərəcədə məqsədəuyğundur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, onlayn seçkilər texnoloji baxımdan cəlbedici görünsə də, məsələ yalnız rahatlıq və sürət prizmasından qiymətləndirilməməlidir.

Onun sözlərinə görə, seçkilərin legitimliyi ilk növbədə cəmiyyətin nəticələrə olan inamından asılıdır:
“Ənənəvi səsvermə zamanı müşahidəçilər, siyasi partiyalar və seçicilər prosesin müxtəlif mərhələlərini birbaşa izləyə bilirlər. Onlayn sistemlərdə isə proses əsasən proqram təminatının və texniki infrastrukturun üzərinə düşür. Bu da vətəndaşların nəticələrin DÜZGÜNLÜYÜNÜ müstəqil şəkildə yoxlamasını çətinləşdirir.
Dünyanın ən inkişaf etmiş ölkələri belə davamlı olaraq kiberhücumlarla üzləşirlər. Dövlət səviyyəsində keçirilən seçkilərin haker müdaxilələri, məlumat sızmaları və ya texniki nasazlıqlardan tam sığortalanması mümkün deyil. Seçki nəticələrinə dair ən kiçik şübhə belə ictimai etimad və siyasi sabitlik üçün ciddi risk yarada bilər.”
Asif İbrahimovun fikrincə, seçicinin azad iradəsinin qorunması baxımından da onlayn səsvermə müəyyən suallar doğurur.
“Seçki məntəqəsində vətəndaş səsini gizli və sərbəst şəkildə verir. Lakin evdən və ya başqa bir məkandan onlayn səsvermə zamanı seçicinin hər hansı təzyiqə və ya təsirə məruz qalıb-qalmadığını müəyyən etmək mümkün olmur.”
Mütəxəssis rəqəmsal bərabərsizlik amilinin də nəzərdən qaçırılmamalı olduğunu vurğulayıb.
“İnternetə çıxış imkanları, rəqəmsal savadlılıq səviyyəsi və texnologiyadan istifadə bacarıqları bütün vətəndaşlarda eyni deyil. Bu isə seçki hüququnun həyata keçirilməsində qeyri-bərabərlik yaradacaq.
Texnologiya inkişaf etsə də, seçkilərdə əsas prioritet rahatlıq deyil, təhlükəsizlik, şəffaflıq və ictimai etimadın qorunmasıdır.
Yaxın perspektivdə tam onlayn seçkilərdən daha çox elektron texnologiyaların ənənəvi seçki sistemini dəstəkləyən vasitə kimi tətbiqi daha real və təhlükəsiz yanaşma hesab olunur.
Seçki prosesində hər hansı texnoloji yenilik yalnız onun demokratik legitimliyini gücləndirdiyi halda uğurlu sayıla bilər”, – deyə ekspert fikrini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az
