“Əgər Türkiyə fikrindən daşınmasa, Ankara və Kreml arasında ciddi problemlər yaranacaq” – ƏTRAFLIbackend

“Əgər Türkiyə fikrindən daşınmasa, Ankara və Kreml arasında ciddi problemlər yaranacaq” - ƏTRAFLI

Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyat siqnalı verməsi dünya gündəminə böyük təsir edib. Belə ki, Rusiyanın Suriyadakı səfiri Aleksandr Lavrentyev Türkiyənin mümkün Suriya əməliyyatının “ağıllı fikir olmadığını” ifadə edib və “Belə bir hərbi əməliyyat gərginliyi artıraraq sabitliyi poza bilər” – deyə fikir bildirib.

Maraqlıdır Rusiyalı diplomatın bu açıqlaması nədən qaynaqlanır və hansı nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Türkiyə öncədən hərbi əməliyyata hazır olduğunu açıqlayıb: “Görünür bu, bəzi dairələrdə gözlənilməz bildiriş kimi qəbul olunub. Ancaq Rusiya Suriyada kifayət qədər geniş bir formatda təmsil olunub. Həm də Kremlin qapalı informasiyalar əldə etmək imkanları var. Çünki uzun illərdir Rusiyanın hərbi kəşfiyyat dairələri və xüsusi xidmət orqanları Suriyada fəaliyyət göstərir. Təbii ki, Türkiyənin beynəlxalq aləmdə, o cümlədən Suriya və Liviyada artan nüfuzu, eləcədə keçirdiyi uğurlu əməliyyatlar Kremldə qıcıq yaradır. Həmçinin Qarabağ müharibəsində Azərbaycanın istifadə etdiyi hərbi taktika Ermənistanın istinad nöqtəsinə çevrilən Rusiya texnologiyalarına qalib gəldi. Bundan başqa Liviyada Türkiyənin silahları və taktiki gedişləri üstün oldu. Bu baxımdan Kremldə müəyyən kompleks formalaşıb və diplomatik müstəvidə Rusiya səfiri sərt, gözlənilməz və qeyri-etik açıqlama ilə çıxış edib”.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki  sahil"

Politoloq əlavə edib ki, iki dövlətin bir-birinə bağlılığı danılmazdır: “Onlar həm qonşu, həm tərəfdaş, həm də bir-birilərinə ehtiyaclıdırlar. Çünki Rusiyadan alacağı dividentlər Türkiyənin həm iş adamları, həm də siyasi dairələri üçün daha vacibdir. Zaman-zaman Rusiya və Türkiyə arasında ziddiyyətlər, çəkişmələr olsa da, bu iki dövlətin bir-birindən qırılması rəva deyil. Çünki “körpüləri yandırmaq” hər iki dövlət üçün çətin və təhlükəlidir. Bəzi hallarda sərt rəqib kimi üz-üzə gəlsələr də, qırmızı xətləri keçməməyə çalışırlar. Amma Suriya məsələsi çox qarışıqdır. Bəşər Əsəd  Dəməşq və bəzi bölgələrdə proseslərə nəzarət etsə də, Türkiyə ilə sərhəd regionlarında rəsmi Ankaranın fəallığı açıq-aşkar özünü göstərir. Bu da anlaşılandır. Çünki orada türkdilli yerli əhali yaşayır və onlar Türkiyənin mövcudluğunu istəyirlər. Amma istər Rusiya, istər Türkiyə hər hansısa genişmiqyaslı hərbi əməliyyat planlayırsa, bu zaman bir-birilərini məlumatlandırmalıdırlar. Tərəflərdən hansısa bir-birilərinə xəbər vermədən gözlənilməz hücum mövqeyinə keçsə, o zaman Rusiya və Türkiyə arasında ciddi problemlər yaranacaq. Əgər Türkiyə fikirindən daşınmasa, orada kritik bir fazanın yaranması mümkündür”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*