Ekspertiza rəyi ilə bağlı 17 min manat alan sabiq ekspertə cəza verildibackend

Ekspertiza rəyi ilə bağlı 17 min manat alan sabiq ekspertə cəza verildi

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Arif Maqsudovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına görə, Arif Maqsudov Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilib.

O, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə və zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) xeyli miqdarda ziyan vurmaqda ittiham olunub.

Belə ki, təqsirləndirilən şəxs 2015-ci ilin aprel ayından 18 fevral 2019-cu il tarixədək Ekspertizası Mərkəzinin ekspertizaları şöbəsində işləyib.

Arif Maqsudov qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını ələ keçirmək məqsədilə hüquq-mühafizə orqanlarından birinin icraatında olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasından istifadə edib. Həmin cinayət işi çərçivəsində 10 dekabr 2018-ci il tarixli qərarla zərgərlik məmulatlarının orta pərakəndə bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub.

Təqsirləndirilən şəxsin isə həmin ekspertiza zamanı hazırlayacağı rəydə zərgərlik məmulatlarının ümumi dəyərini 50 000 manatdan aşağı göstərəcəyinə dair vəd verdiyi bildirilib. O, bu vəd qarşılığında 25 dekabr 2018-ci il tarixdə saat 17 radələrində S.S.-in yanında olan digər şəxsin iştirakı ilə həmin şəxsin idarə etdiyi “Mercedes-Benz ML” markalı avtomobildə 10 000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17 000 manat pul alıb.

Bununla da zərərçəkmiş şəxsi aldatmaq və onun etibarından sui-istifadə etməklə 17 000 manat pul vəsaitini ələ keçirdiyi və zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurduğu qeyd olunub.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Arif Maqsudov Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Həmçinin barəsində əvvəllər seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilib.

Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Həmin qərarından isə Arif Maqsudov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*