Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitində orqanizmin temperatur dəyişikliklərinə uyğunlaşması nə dərəcədə vacibdir və sağlamlıq problemlərinin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, hazırda Azərbaycanda müşahidə olunan temperatur fərqləri kəskin iqlim dəyişiklikləri deyil, fəsillərin bir-birini əvəz etməsi ilə əlaqədar normal prosesdir.

“Bir həftə əvvəl 22-23 dərəcə olan havanın temperaturunun hazırda 15-17 dərəcəyə enməsi tədrici dəyişiklik hesab olunur. Belə şəraitdə gənclərin orqanizmi temperatur fərqinə daha sürətlə uyğunlaşdığı üçün onlar bu prosesi, bir qayda olaraq, ciddi şəkildə hiss etmirlər.
Yaşlı insanlarda isə immun sisteminin fəaliyyətinin və orqanizmin adaptasiya qabiliyyətinin zəifləməsi temperatur dəyişikliklərinə qarşı həssaslığı artıra bilər”.
R.Bağırovun fikrincə, belə hallarda xüsusilə yaşlı şəxslər geyim seçimində diqqətli olmalı, temperatur fərqinə uyğunlaşmaq üçün orqanizmə vaxt verməlidirlər. Havanın istiləşməsi və ya soyuması zamanı geyimi qəfil dəyişmək əvəzinə, mövcud şəraitə uyğun tədricən hərəkət etmək daha məqsədəuyğundur.
Həkim əlavə edib ki, yaz və payız aylarında xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər sağlamlıqlarına xüsusi diqqət yetirməli, xəstəliklərin kəskinləşməsinin qarşısını almaq üçün müvafiq profilaktik tədbirlər görməlidirlər.
Terapevtin sözlərinə görə, hazırda Azərbaycanda müşahidə olunan hava dəyişiklikləri mövsümi xarakter daşıyır və qeyri-adi iqlim hadisəsi kimi qiymətləndirilməməlidir. Bununla belə, hər kəsin, xüsusilə risk qrupuna daxil olan şəxslərin sağlamlığını qoruması vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
