Böyük Kilikiya Evinin katalikosu I Aram ABŞ Prezidenti Donald Trampa seçkiqabağı təşviqat kampaniyası ilə bağlı çağırış edib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, I Aram çağırışını xüsusi məktub vasitəsilə Trampa göndərib.
O, ABŞ prezidentindən Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və Bakıda məhkəməsi davam edən ermənilərin azad olunmasında köməklik göstərməsini xahiş edib. I Aram müraciətində deyib ki, guya həmin şəxslərin həbsi bütün ermənilərə ağrı verir:
“Əgər siz şəxsən müdaxilə edərək Azərbaycan Prezidenti İlham Əliyevi tez bir zamanda onları azad etməyə çağırsanız, erməni xalqı çox minnətdar olardı. Belə bir addım Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üçün imkan yaradar”.
Hələlik I Aramın məktubuna Tramp administrasiyasından hər hansı reaksiya yoxdur.
Qeyd edək ki, Donald Tramp təşviqat kampaniyası zamanı I Arama zəng edərək, prezident olduqdan sonra ermənilərin Qarabağa qaytarılması və Azərbaycanla Ermənistan arasında sülhün bərpası üçün addımlar atacağını demişdi. Lakin I Aramla danışdıqdan az sonra Amerika Erməniləri Milli Konqresi (ANCA) ölkədə keçiriləcək seçkilərdə ermənilərin heç bir namizədi dəstəkləməyəcəyini, çünki onların irəli sürdüyü planların ermənilərin maraqlarına cavab vermədiyini açıqlamışdı.
Hazırda Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən keçmiş qondarma rejimin nümayəndələrinin məhkəmə prosesi davam edir. Mühakimə edilənlər sırasında Araik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, David Manukyan, Levon Mnatsakanyan və digərləri var.
Onu da xatırladaq ki, I Aram Qərbdəki erməni diasporunun üzvləri arasında ən nüfuzlu dini xadim sayılır.