Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək – AÇIQLAMAbackend

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək – AÇIQLAMA

Azərbaycanda sənədsiz evlərin sayı ilə bağlı rəqəmlər 500 mindən 700 minədək dəyişir. Hüquqi statusu müəyyənləşdirilməyən bu əmlakların bir hissəsi yaşayış üçün nəzərdə tutulmayan torpaqlarda, digər qismi isə əvvəllər verilmiş, lakin hazırda mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün yetərli sayılmayan sənədlər əsasında inşa edilib. Bununla yanaşı, qanunla tikinti aparılması qadağan olunan ərazilərdə yerləşən evlər də mövcuddur.

Sənədsiz evlərin hansı hissəsinin qanunvericiliyə uyğun şəkildə leqallaşdırılması mümkündür? Problemin həlli üçün hansı mexanizmlər tətbiq edilməlidir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, ölkədə sənədsiz evlərin sayı 500 mini keçib.

Vüqar Oruc: Qiymətləndirmə fəaliyyəti Prezident İlham Əliyevin qayğısı sayəsində mühüm instituta çevrilib - AZƏRTAC

Sənədsiz evlərin əsas kateqoriyaları

“Bəzi məlumatlara görə, bu rəqəm hətta 600-700 min civarındadır. Bu evləri müxtəlif növlər üzrə təsnifləşdirmək mümkündür.

Belə ki, evlərin qanunsuz tikili kimi qiymətləndirilməsinin müxtəlif səbəbləri var. Onların bir hissəsi yaşayış üçün nəzərdə tutulmayan torpaqlarda inşa edilib. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri tikilib.

İkinci qrup evlər zəbt olunmuş ərazilərdə, yəni heç bir hüquqi əsas olmadan tutulmuş və torpaq sahəsinə dair hər hansı sənədin olmadığı ərazilərdə inşa edilən tikililərdir.

Üçüncü tip evlərin isə əvvəllər hər hansı dövlət qurumu tərəfindən verilmiş sənədləri olub. Lakin həmin sənədlər hazırda mülkiyyət hüququnun əldə olunması üçün əsas kimi çıxış edə bilmir. Yəni vətəndaşların müvafiq qurumlardan əldə etdiyi sənədlər mövcuddur, amma bu sənədlər əsasında bu gün mülkiyyət hüququnu rəsmiləşdirmək mümkün deyil. Buna görə də həmin evlər də sənədsiz əmlaklar sırasına daxil edilir.

Digər qrup evlər isə yüksək gərginlikli elektrik xətlərinin, su, qaz və neft boru kəmərlərinin, kollektor xətlərinin üzərində tikilib. Eyni zamanda, meşə fonduna daxil olan torpaqlarda, strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında və digər bu kimi ərazilərdə inşa edilmiş evlər də var. Belə yerlərdə yerləşən evlərin sənədləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün deyil.

Bu baxımdan hesab edirəm ki, sənədsiz evlər mütləq təsnifləşdirilməlidir. Hansı evlərin qanunvericiliyin şərtləri pozulmadan, daha sürətli və operativ şəkildə sənədləşdirilməsinin mümkün olduğu müəyyənləşdirilməlidir”.

“Əmlak amnistiyası elan olunmalıdır”

AQC sədri qeyd edib ki, Qiymətləndiricilər Cəmiyyəti bu istiqamətdə “əmlak amnistiyası”nın tətbiq olunmasını təklif edib.

“Əmlak amnistiyası nədən ibarətdir? Qanunu ciddi şəkildə pozmadan inşa edilmiş evlər var. Onların hər hansı cizgi xətləri digər qonşunun ərazisinə düşmür, sənədləri mövcuddur, lakin müəyyən hüquqi əsaslara malik deyil.

Müasir dövrdə daşınmaz əmlak reyestrindəki məlumatlar əsas götürülür. Halbuki əvvəllər əldə olunmuş sənədlər də mövcuddur. Və yaxud da qeyd etdiyim kimi, həmin torpaqların təyinatı yaşayış evlərinin tikilməsi üçün uyğun deyil.

Amma bütöv bir massiv özü torpaqlar üzərində inşa olunmuş evlərdən ibarətdirsə, bir sərəncamla məhz bu cür torpaqları və əmlakları qanuniləşdirmək olar.

Nəticədə Azərbaycan dövlət büdcəsi kifayət qədər gəlir əldə edəcək. Mülkiyyət hüququ rəsmiləşdirilmiş evlər vergi ödəyicisinə çevriləcək. Onlar icbari sığortaya cəlb edilə, qiymətləndirilə, miras kimi verilə, bazara çıxarılaraq alqı-satqı subyektinə çevrilə, eyni zamanda banklar üçün girov predmetinə çevrilərək hüquqi əsas qazana bilər.

Bu da ölkə iqtisadiyyatı üçün çox böyük töhfə olar. Bu baxımdan sənədsiz evlər üçün amnistiya elan olunmalıdır”.

Qanunsuz ərazilərdəki evlər sökülməlidir

Vüqar Oruc qanunla tikinti aparılması qadağan olunan ərazilərdə inşa edilmiş evlərin leqallaşdırılmasının mümkün olmadığını bildirib.

“Təbii ki, evlər və torpaq sahələri qanunla tikintinin qadağan olunduğu ərazilərdə yerləşirsə, onların sənədləşdirilməsindən və leqallaşdırılmasından söhbət gedə bilməz. Belə tikililər sökülməlidir. Azərbaycan dövlətinin müvafiq icra qurumları bununla bağlı qərar qəbul etməlidir.

Həmin şəxslərə yardım edilməlidir. Alternativ yaşayış sahəsi ilə təmin olunmalıdırlar ki, bu vətəndaşlar qanunsuz ərazilərdə ev inşa etsələr də, evsiz və yaşayış sahəsindən məhrum vəziyyətdə qalmasınlar.

Biz bilirik ki, hər hansı qanunsuz tikilinin həyata keçirilməsi mövcud situasiyada mümkünsüzdür. Hüquq-mühafizə orqanları, yerli icra hakimiyyəti və bələdiyyə orqanları qanunsuz tikintiyə şərait yaratmamalı və buna imkan verməməlidirlər. Kimsə qanunsuz tikili inşa edibsə, deməli, bu və ya digər formada buna icazə alıb”.

Elektron qeydiyyat mexanizmi tətbiq edilməlidir

AQC sədri hesab edir ki, sənədsiz evlərin sənədləşdirilməsi elektron formada həyata keçirilməlidir.

“Nəzərə alsaq ki, mülkiyyət hüququ olmasa da, vətəndaşlar faktiki olaraq kommunal xidmətlərin haqqını ödəyirlər. Yəni mülkiyyət hüququnun müəyyən elementlərindən faktiki olaraq istifadə edirlər. Ona görə də hesab edirəm ki, bu evlərin sənədləşdirilməsi çox vacib məsələlərdən biridir.

Mexanizm də elektron formada həyata keçirilməlidir. Müvafiq dövlət qurumlarının elektron sistemlərində qeydiyyat prosesi həll olunmalıdır.

Bu yaxınlarda, bildiyimiz kimi, əmlakların kadastrda mütləq əks olunması ilə bağlı yenilik tətbiq edilib. Bu da təbii ki, qeydiyyat probleminin dolayı yolla da olsa, mərhələli şəkildə həll olunmasına gətirib çıxara bilər.

Mən düşünürəm ki, Azərbaycan vətəndaşları da bu qeydiyyatsız evlərin qeydiyyata alınmasında maraqlı olmalıdırlar. İndiki dövrdə ölkə iqtisadiyyatına töhfə versinlər, büdcə zənginləşsin. Vətəndaşlar da mülkiyyət hüququnu hiss etsinlər və bu ölkənin vətəndaşı olmaqdan məmnun olsunlar.

Mülkiyyət hüququ vətəndaşları bu və ya digər formada dövlətə, ölkəyə bağlayan amillərdən biridir. Düşünürəm ki, bu hüququn leqallaşdırılması Azərbaycan üçün faydalıdır və dövlətin iqtisadi dayaqlarının daha da güclənməsinə mühüm təkan verə bilər”.

Aynurə İsmayıl

KONKRET.az

  • Elşən
    Sentyabr 17, 2026 - 19:19

    Salam. Mənim nənəmin adına 1978 ci ilə aid texniki pasportu var . Kupça çıxarışı sifariş vermişəm lakin rüsumu ödəməmişəm. Kupçanı mənə aqrar islahatın qərarına əsasən mənə verilib . İndi keçmiş sənədlə kupça çıxarış ala bilərəm ?

  • Asar
    Sentyabr 18, 2026 - 10:53

    Bu məsələdə ölkə üçün millətimiz üçün ən vacib məsələdir. Əlbətdə büdcəyə çox böyük təsiri olacaq.bu həm Ölkə problemlərinin həllində həmdə millətin problemlərinin həllində çox böyük uğurlu addım olacaq. Bu uğurun əldə olunması üçün təşəbbüs göstərən hər kəsə indidən təşəkkür edirəm.

  • Qabid
    Sentyabr 18, 2026 - 13:41

    2007 ci ildə 07 dekabr tarixi ilə bələdiyyə tərəfindən 10 müddətinə icarəyə 7 sot torpaq sahəsi ayrılıb və burada ev tikməyə icazə verilir qeydi var.2008 ci ildə 110 kvm ev tikmişəm.Bu günədək rəsmi olaraq əmlak və torpaq vergisi ödəyirəm.Çıxarış ala bilərəm? Bütün komunallarım var.

  • Hüseyn
    Sentyabr 18, 2026 - 13:48

    Salam. Mən yataqxanada qalıram. Yəni bələdiyyə adına olan bir evdir. 30 ildir burda qalırıq. Kominallar hamısı bizim adımızadır. Mən bu evə necə çıxarış çıxarda bilərəm? Yəni olur?

  • Azər
    Sentyabr 18, 2026 - 16:17

    17000 manat verib torpağı, 3500mant verin icazəni almışam və tikmişəm. İndi pul verdiyim adamlar mənim sənədlərimialıb versin. VÜQR MÜƏLLİM düz deyir ki, şərait yaradanlar olub.

  • Ayan
    Sentyabr 18, 2026 - 18:29

    Mən masazırda can təpədə daxili kireditlə ev tikdirəm sökülə bilər ?

  • Şixəli Əliquliyev
    Sentyabr 18, 2026 - 20:35

    Uzun illərdi sənədsiz evlərin sənədləşdirilməsi barədə müzakirələr aparılsada bu məsələ həllini tapmır. Belə çıxır ki, bir sıra qurumlar məsələnin həllini tormozlayırlar. Məsələ həllini tapsa evlərin sənədləşdirilməsindən başqa büdcəyə milyonlarla manat pul daxil olacaq

  • Eldəniz
    Sentyabr 19, 2026 - 06:28

    Etibarnamə əsasında torpaq alıb sərəncamla ev tikmişəm 2013 cü ildən burada yaşayırıq etibarnaməni vaxtı bittiyi üçün sənədləşdirmə bilmrəm necə etməliyəm

  • Tahir
    Sentyabr 19, 2026 - 08:59

    Bu məsələ 10 ildən artıqdırki müzakirə olunur,təkliflər,qərarlar verilir,amma heç bir nəticəsi yoxdur və bundan sonra da nəticəsi olacağına ümid yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*