Stalinə donos yazan bakılı jurnalistin sonrakı taleyi – Sistem onu da “yedi”backend

Stalinə donos yazan bakılı jurnalistin sonrakı taleyi – Sistem onu da "yedi"

1937-ci ilin iyununda Stalin hərbçilərin qarşısında çıxış edirdi. O, həmişəki kimi sakit və alçaq səslə danışırdı. Lakin söylədiyi bir fikir zalda uzun müddət yadda qaldı:

“Hər bir vətəndaş nəinki çatışmazlıqlar barədə məlumat vermək hüququna malikdir, həm də bunu etməyə borcludur. Əgər deyilənlərin heç olmasa 5 faizi doğru olsa belə, bu da bir qazancdır”.

Bu yanaşmanın mahiyyəti əslində olduqca təhlükəli idi. Beş faiz həqiqət kifayət edirdi, qalan 95 faiz isə asanlıqla uydurula bilərdi. Bu, sadəcə təsadüfi fikir deyildi. Sovet cəmiyyətində donosçuluğun təşviq edilməsinin ideoloji əsaslarından birinə çevrilmişdi.

Stalin hakimiyyəti dövründə SSRİ-də insanların bir-biri haqqında dövlət orqanlarına məlumat verməsi geniş yayılmışdı. Xüsusilə 1937–1938-ci illərdə, Böyük Terror dövründə bu proses kütləvi xarakter aldı.

Mənbədə göstərilən rəqəmlərə görə, həmin iki il ərzində siyasi ittihamlarla 1 milyon 700 mindən çox insan həbs edilib, ən azı 725 min nəfər güllələnib. Bəs bu qədər “xalq düşməninin” aşkar edilməsində kimlər iştirak edirdi?

NKVD işinin əhəmiyyətli bir hissəsini adi vətəndaşların yazdığı donoslar təşkil edirdi. Kommunal mənzildə qonşusu haqqında yazanlar vardı – məqsəd boşalan otağa sahib olmaq idi. İş yoldaşından şikayət edənlər isə rəqibini aradan götürərək karyerada irəliləməyə çalışırdılar. Keçmiş ərindən və ya arvadından qisas almaq üçün donos yazanlar da az deyildi.

Bəziləri isə başqalarından əvvəl özləri məlumat verməyə çalışırdı. Çünki həmin dövrdə məntiq sadə idi: “İlk mən yazım ki, növbəti dəfə mənim haqqımda yazmasınlar”.

Lakin bu sistemin ən dəhşətli tərəfi başqa idi. Bu gün başqası haqqında donos yazan insan sabah öz adının başqa bir şəxsin ərizəsində qeyd edildiyini görə bilərdi. Repressiya maşını donos yazanla donos verilən arasında fərq qoymurdu. Sistemə məlumat verən şəxs də bir anda onun qurbanına çevrilə bilərdi.

Boris Talın başına gələnlər də məhz bunu göstərirdi. İlk baxışdan o, sovet sisteminin qaydalarını hamıdan yaxşı anlayan və həmin qaydalara uyğun davranmağı bacaran insan təsiri bağışlayırdı.

Lakin bir gün onun üçün də vəziyyət dəyişdi: başqaları haqqında yazdığı donosların içində öz adı peyda oldu…

Qeyd edək ki, Boris Markoviç Tal (əsl familiyası Krişhtal) 1898-ci ildə Bakıda anadan olmuşdu. SSRİ Mərkəzi Komitəsinin Mətbuat və Nəşriyyat şöbəsinin müdiri vəzifəsində çalışır, “Bolşevik”, “Bolşevistskaya peçat” jurnallarının, “Za industrializatsiyu” və “İzvestiya” qəzetlərinin redaktoru olmuşdu.

1936-cı ilin sentyabrında Boris Tal partiyanın ən yüksək rəhbərliyinə, o cümlədən birbaşa Stalinin adına bir donos (məlumat ərizəsi) yazdı — həmkarlarından birini ittiham edirdi. Qısa müddət sonra həmin jurnalist həbs olundu, Tal isə onun boşalan vəzifəsinə — “İzvestiya” qəzetinin məsul redaktoru postuna — təyin edildi. Görünürdü ki, o, sistemin qaydalarını mükəmməl mənimsəmiş, hər zaman “düzgün tərəfdə” olmağı bacaran bir insandır.

Lakin çarx onu da öz içinə çəkdi. 1937-ci il dekabrın 2-də Boris Tal özü həbs edildi. Ona qarşı ittiham “trotskiçi terror təşkilatında iştirak” idi. Bir vaxtlar başqalarını ifşa edən adam, indi eyni sistemin başqa bir “sadiq” məmuru tərəfindən yazılmış donosun qurbanına çevrilmişdi.

1938-ci il aprelin 19-da onun adı Stalinin şəxsən təsdiqlədiyi güllələnmə siyahısına — “Moskva-Mərkəz” siyahısına daxil edildi (bu siyahını Stalin, Molotov, Kaqanoviç və Jdanov imzalamışdı). Formal hökm isə yalnız 1938-ci il sentyabrın 17-də, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının iclasında elan olundu. Həmin gün Boris Tal güllələndi və NKVD-nin xüsusi dəfn yeri olan “Kommunarka”da basdırıldı.

Beləliklə, dünən başqaları haqqında donos yazan adam, sabah özü eyni maşının çarxları arasında əzildi. 1956-cı il yanvarın 11-də Boris Tal ölümündən sonra bəraət qazandı — lakin bu, artıq ona heç nə qaytara bilməzdi.

Boris Talın taleyi Stalin dövrünün ən dəhşətli qanunauyğunluğunu göstərir: donos yazan sistemin bir hissəsinə çevrilsə də, bu, onu təhlükəsizlikdə saxlamırdı. Repressiya maşını heç kimi, hətta öz “xidmətçilərini” belə əsirgəmirdi.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*