Şəki Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ramin Məlikovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə zəqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Ramin Məlikov özgənin əmlakını talamaq məqsədilə bu il saat 18:30 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Mirvari City” yaşayış kompleksinin həyətində “tap.az” saytında qızıl-zinət əşyaları satan zərərçəkmiş Məhəmməd Zamanovla (soyadı şərtidir) görüşüb. Görüş zamanı təqsirləndirilən şəxs ümumi dəyəri 3 700 manat olan qızıl-zinət əşyalarına baxıb.
Söhbətə çıxarılan əşyalar arasında bir qızıl üzük, bir qızıl qolbaq, bir qızıl boyunbağı və bir cüt sırğa olub.
Ramin Məlikov qızılların guya xoşuna gəldiyini bildirərək qiymət barədə razılaşıb və ödənişi etmək üçün avtomobilə əyləşməyi təklif edib. Bundan sonra təqsirləndirilən şəxs “BMW G30” markalı avtomobilin sükanı arxasına keçib. Lakin Məhəmmədin avtomobilə əyləşməsini gözləməyib.
Zərərçəkmiş şəxs avtomobilin sağ qapısının dəstəyindən tutduğu vaxt Ramin Məlikov qızıl-zinət əşyalarını qanunsuz olaraq ələ keçirərək hadisə yerindən uzaqlaşmaq məqsədilə avtomobili hərəkətə gətirib.
Avtomobilin hərəkətə başlaması nəticəsində qapının dəstəyindən yapışmış vəziyyətdə olan zərərçəkmiş şəxs bir müddət sürünüb və daha sonra yerə yıxılıb. Nəticədə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər aldığı müəyyən edilib.
Hadisədən sonra təqsirləndirilən şəxs avtomobillə ərazidən uzaqlaşıb.
Beləliklə, Məhəmməd Zamanova ümumi dəyəri 3 700 manat olan qızıl-zinət əşyalarının itirilməsi ilə maddi ziyan vurulub.
Cinayət işi üzrə əsas məsələlərdən biri Ramin Məlikovun hərəkətlərinin hüquqi tövsifi olub.
İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini quldurluq kimi qiymətləndirib. Lakin məhkəmə bu hüquqi tövsiflə razılaşmayıb.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin məqsədi əvvəlcədən zərərçəkmiş şəxsə məxsus qızıl-zinət əşyalarını açıq şəkildə ələ keçirmək olub və bu məqsədlə onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edilib.
Bu səbəbdən məhkəmə Ramin Məlikovun əməlinin Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilməli olduğu qənaətinə gəlib.
