Ermənistan Prokurorluğunun yaradılmasının ildönümünə həsr olunmuş “Qanunsuz əldə edilmiş əmlakın izi ilə: cinayət təqibi, əmlakın bərpası və müsadirə olunmuş əmlakın idarə edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Avropa ölkələrindən gələn prokurorların, Aİ və Avropa Şurası rəsmilərinin, səfirlərin, eləcə də Ermənistanın bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə Baş nazir Nikol Paşinyanın çıxışı ölkədə ciddi narazılıq doğurub.
Ermənistanın “Hraparak” qəzetinin baş redaktoru Armine Ohanyan dərc etdiyi analitik məqalədə Paşinyanın bu çıxışını kəskin tənqid atəşinə tutub.
Müəllif Paşinyanın nitqini “rüsvayçı, antidemokratik, hüquqazidd və populyar” adlandıraraq onun gizli niyyətini belə xülasə edib:
“Biz “qanunsuz əmlak” adı altında insanların əmlakını əllərindən almağa hazırlaşırıq ki, zənginlərə nifrət edən seçicilərimizin ürəyinə yağ yağsın”.
Məqalədə qeyd olunur ki, Paşinyanın xalq, legitimlik və ədalət haqqında bəlağətli, lakin saxta sözlərindən aydın görünür ki, o, bu anlayışların dərin mahiyyətini dərk etmir və Avropadan gələn heyran qalmış (təəccüblənmiş) qonaqların qarşısında bunları öz istədiyi kimi şərh edir.
“Hakimiyyət qanunun aliliyini öz “statusları” ilə əvəzləyib”
Paşinyanın çıxışında xüsusilə diqqət çəkən “Ermənistanda ədalətin və mühakimənin bərqərar olması üçün hökumətin qarşısına qoyulan bütün məsələləri, yaxud ən azı onların böyük əksəriyyətini həll etmişik” ifadəsi müəllif tərəfindən riyakarlıq kimi qiymətləndirilib.
KONKRET.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, xarici qonaqlardan heç biri Paşinyana bu sualı vermədi: ədalət və məhkəmə orqanlarının birbaşa Baş nazirin iradəsi ilə işlədiyi, qanunun aliliyinin isə Baş nazirin “feysbuk layvları” və sosial şəbəkə statusları ilə əvəzləndiyi bir ölkədə hansı ədalətin bərqərar olmasından söhbət gedə bilər? Məhz həmin statuslara baxaraq hüquq-mühafizə orqanları növbəti hədəfi seçir və hüquqi hücuma keçirlər.
Rəsmiyyə Şərifova,
